Dünyada baş verən iqlim dəyişməsi, münaqişələr, müharibələr ölkələrin iqtisadiyyatına ziyan vurduğu kimi həm də su təsərrüfatlarında da ciddi çətinliklər yaradıb. Ölkəmizin su ehtiyatlarının 70 %-i xarici ölkələrdən formalaşır və belə bir vəziyyətdə əlbəttə ki, sudan qənaətlə istifadə etmək çox vacibdir.
Bu gün nəinki respublikamız, hətta, dünya su çatışmazlığından əziyyət çəkir.
Bəs ölkədə su qıtlığı yarana bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu problemin həllinin müəyyən yolları var:
“Problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən müvafiq tədbirlər görülür, ölkə başçısı da öz çıxışlarında dəfələrlə xatırladıb ki, ölkənin iqtisadiyyatını yüksəltmək, xüsusilə kənd təsərrüfatını əkin suyu ilə, insanları içməli su ilə təmin etmək üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə çox mühüm layihələr, dövlət proqramları var. Eyni zamanda Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı, müəyyən islahatlar həyata keçirildi”, - deyə deputat bildirib.
O, qeyd edib ki, artıq işğaldan azad olunmuş ərazilərdə bir çox su anbarları tikilib quraşdırılıb:
“Suyun yığılması istiqamətində əsaslı işlər gedir. Ancaq bu kifayət deyil, çünki hər bir şəxs suyun qədrini bilməlidir, sudan qənaətlə istifadə edilməlidir. Çox təəsüflər olsun ki, hesablamalara görə ölkədə içməli suyun 30%-i, eləcə də, əkin suyunun 40%-ə yaxını itkiyə gedir. Bu düşündürücü bir məsələdir. Çünki, bizdə hələ sudan istifadə mədəniyyəti tam formalaşmayıb, elə bilirik ki, su daimidir, tükənməzdir”, - deyə Tahir Rzayev əlavə edib.
Müsahibimiz bildirib ki, araşdırmalara əsasən deyə bilərik ki, bir neçə ildən sonra dünyada su qıtlığı yarana və insanlar ciddi problemlər qarşısında qala bilər.
Ona görə də sudan qənaətlə istifadə etmək hər bir vətəndaşın vəzifəsi hesab olunmalıdır. Bunun üçün müəyyən tədbirlər var və bu hökumət tərəfindən həyata keçirilir.
Aygün Hüseyn, Bizim.Media