Azərbaycanın artan nüfuzu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ - Antalya Forumundan MÜHÜM MESAJLAR

Azərbaycanın artan nüfuzu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ - Antalya Forumundan MÜHÜM MESAJLAR

Hazırda oxunan: Azərbaycanın artan nüfuzu dünyanın DİQQƏT MƏRKƏZİNDƏ - Antalya Forumundan MÜHÜM MESAJLAR

243765

Azərbaycan dövlətinin durmadan artan nüfuzu və iqtisadi qüdrəti dünya dövlətlərini ölkəmizlə hesablaşmağa vadar edir. Təsadüfi deyil ki, bu gün beynəlxalq aləmdə Azərbaycan Prezidenti İlham Əliyev nüfuzlu söz sahibi və qüdrətli siyasi xadim kimi qəbul olunur.  

Azərbaycanın diplomatik uğurları

Son zamanlar istər Avropa, istərsə də Şərq dövlətlərinin lideriləri Azərbaycan Prezidentini beynəlxalq və regional tədbirlərə ali qonaq kimi dəvət edir. Qeyd etmək yerinə düşər ki, son zamanlar Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür. 

Məlum olduğu kimi, Prezident İlham Əliyev aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirak edir.

Nəzərə alaq ki, bu forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib. Budəfəki Forumda bir sıra ölkələrin və təşkilatların rəhbər şəxsləri də iştirak edir. Həmin liderlər Azərbaycan Prezidenti ilə müzakirələr aparırlar. Bu da təbii ki, Azərbaycanın nüfuzunun güclənməsindən və Preizdent İlham Əliyevin qüdrətli siyasi xadim olmasından qaynaqlanır.

“Dünyanın diqqəti Antalyaya yönəlib”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirov bildirib ki, bu günlərdə dünyanın siyasi diqqəti Antalyaya yönəlib:

“Çünki qardaş ölkədə IV Antalya Diplomatiya Forumu keçirilir. Forumda dünyanın 140 ölkəsindən 450-ə qədər nümayəndə iştirak edir. Qonaqlar arasında 20-dək dövlət və hökumət başçısı, 70-dən çox nazir və çoxsaylı beynəlxalq ekspertlər iştirak edir. Sözün həqiqi mənasında bu tədbir dünyada qlobal problemlərin müzakirə edildiyi bir məkandır. 

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Tədbir çərçivəsində Azərbaycan Prezidenti bir sıra dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri olub. Yaxın 2 gündə bu görüşlərin sayı kifayət qədər çox olacaq. Bütün bu görüşlər ikitərəfli münasibətlərin geniş miqyas almasına əsas yaradır. Bu görüşdə həm də beynəlxalq ictimaiyyəti ciddi narahat edən məsələlər müzakirə edilir. Adından da göründüyü kimi “Parçalanmış dünyada diplomatiyanın bərpası” üçün Antalyada ciddi müzakirələr aparılır. 

Müsahibimiz son zamanlar Azərbaycanın artan nüfuzundan və qüdrətindən də danışıb:

“Azərbaycan Prezidentinə beynəlxalq aləmdə bu gün çox böyük etimad və inam var. Çünki dünyanı narahat edən ən mürəkkəb məsələlər Azərərbaycanın paytaxtında, cənab Prezidentin təşəbbüsü ilə keçirilən tədbirlərdə öz həllini tapır. Ötən il keçirilən COP29  bu reallığın bir parçasıdır. 

Pandemiya dövründə Azərbaycan sivilizasiya üçün strateji əhəmiyyətli qərarların qəbuluna nail oldu. Eyni zamanda Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın 4 illik fəaliyyəti Beynəlxalq aləm və üzv dövlətlər tərəfindən çox yüksək qiymətləndirildi. Bu da təşkilatın imicinə müsbət təsir etdi. 

Antalyada da təbii ki, Azərbaycan liderinin hər keçirdiyi görüş, aparılan müzakirələr ölkəmizin nüfuzuna və siyasi gücünə yeni güc qatacaq. Buna əminik. Çünki istənilən beynəlxalq məsələnin həllinə Azərbaycanın öz yanaşması var. Bu yanaşma həm regional, həm də qlobal səviyyədə sülhün bərqərar olmasına imkan verir”.

“Azərbaycan Yaxın Şərqdəki gərginliklərin azaldılmasında fəal iştirak edir”

Millət vəkili Arzuxan Əlizadə isə mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Antalya Forumunun əhəmiyyətindən söz açıb:

“Antalya forumu konkret olaraq yeni dünya düzəninin formalaşmasına xidmət edə bilən bir tədbirdir. Çünki Forumda dünyanın qaynar nöqtələrində gərginliklərin azaldılması üçün dünya dövlətlərinin təsir imkanları öyrənilir. Təbii ki, həm qardaş Türkiyənin, həm də Azərbaycanın bu məsələlərdə öz yeri, öz mövqeyi var. Çünki Azərbaycan beynəlxalq məsələlərin həllində aktiv iştirak edir. Bu da ölkəmizin artan nüfuzundan xəbər verir. 

Azərbaycan təkcə Cənubi Qafqazda baş verən proseslərdə deyil, eyni zamanda Yaxın Şərqdəki gərginliklərin azaldılmasında da fəal iştirak edir. Bu gün Suriyada , Qəzzada və eləcə də İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşmasında Azərbaycan aparıcı rola malikdir. Bu da Azərbaycanın regional yox, həm də qlobal proseslərdə iştirakını şərtləndirən amillərdir. Qürurla qeyd edə bilərik ki, Azərbaycan artıq regional məsələlərlə yanaşı qlobal proseslərə təsir imkanlarına sahibdir. 

Forum çərçivəsində Azərbaycan Prezidenti Suriya, Sudan, Türkiyə, Gürcüstan və digər dövlətlərin liderləri ilə ikitərəfli görüşlər keçirib. Bu görüşlərdə həm Cənubi Qafqazda, həm Yaxın Şərqdəki məsələlər müzakirə edilib. 

Bir məqamı da deyim ki, Donald Trampın bu günlərdə Azərbaycan Prezidentinə ünvanladığı məktubda da ölkəmizin regional və beynəlxalq məsələlərdə aktiv, səmərəli rolu qeyd edilib.

Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq proseslərdə aktiv aktora çevrilir”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi bəndinə uyğun olaraq hazırlanıb. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO