Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında maksimum bal toplayanlardan iki şagird Şəki məktəblərində təhsil alır.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin şagirdi Orxan Abdulsəmədli bu uğuruna kimi özünü bir neçə dəfə respublika olimpiada və müsabiqələrində təsdiq edib.
Belə ki, hələ 7-ci sinifdə oxuyanda Orxan fizika fənnindən Respublika Fənn Olimpiadasında iştirak edərək gümüş medal qazanıb. Orxan, kimya, biologiya və fizika fənlərinə daha çox meyilli və maraqlıdır. Ona da bu istedad anasından keçib. Belə ki, Orxanın anası fizika müəllimidir. Bu barədə Orxan heç bir kəlmə deməsə də, məktəb rəhbərliyindən öyrənirik ki, Orxanın demək olar, bütün ailə üzvləri müəllimdir.
Belə ki, onun babası, nənəsi müəllim olub. Hətta bu gün anası ilə yanaşı bibiləri də müəllim kimi fəaliyyət göstərir. Onun tibb sahəsini seçməsi də heç də təsadüfi deyil. Məqsədi yaxşı ixtisaslı həkim olub rayonda insanların sağlamlığı keşiyində dayanmaqdır. Orxan bizimlə söhbətində gələcəkdə mütləq rayonda işləyəcəyini deyəndə bir qədər maraqlı gəldi. Bizim baxışlarımızdan hiss edərək dərhal əlavə edir ki, bəli, qarşısına məqsəd qoyub və özünə söz verib ki, gələcəkdə fəaliyyətə rayondan başlayacaq.
Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəbin rəhbərliyi onu da diqqətimizə çatdırır ki, onların daha bir neçə şagirdi 250 və daha çox bal toplayıb. Bir nəfər isə 298 bal yğıaraq maksimum nəticənin bir addımlığında qalıb yəni bir sualı yanlış yazıb. Həmin şagirdin də növbəti imtahanlarda yüksək nəticə göstərəcəyinə müəllimlər əmindirlər.
Rayonda maksumum nəticə göstərən digər şagird Şəki şəhər Kimya-biologiya təmayüllü respublika liseyində təhsil alır. Bu təhsil ocağı birbaşa Elm və Təhsil Nazirliyinə tabedir və buraya şagirdlər ancaq imtahan verməklə daxil ola bilir. Maksimum nəticə göstərən Məhəmmməd İsmayılov da bu tədris ocağına 7-ci sinifdən imtahan verərək daxil olub. Kimya-biologiya fənlərini daha dərindən sevdiyini deyən Məhəmməd mühəndislik sahəsinə meyillidir. O fizikanı da yetərincə yaxşı mənimsəyir. Məhəmməd bu istiqamətdə ilkin tədqiqat işləri apardığını desə də detallara varmaq istəmir. Deyir indi danışması düzgün olmaz. Onu tələbə olandan, bir müddət sonra tədqiqatlarını başa vuraraq açıqlaya bilər.
Çünki hazırda işlər ilkin mərhələdədir.
Bu arada Məhəmmədin qarşıdakı aylarda işləri və dərs yükü daha çoxdur. O, blok imtahanlarına hazırlaşmaqla yanaşı kimya fənni üzrə bu il keçiriləcək Respublika Fənn Olimpiadasının finalçılarından biridir. Məhəmməd həm qarşıdakı blok imtahanlarına, həm də Respublika Fənn Olimpiadasına ciddi hazırlaşır. Bu işdə ona fənn müəllimləri daha yaxından köməklik göstərir.
Məhəmməd gələcək planlarından danışarkən bildirir ki, mühəndis olmağı qarşısına məqsəd qoyub. Hazırda üzərində işlədiyi, düşündüyü işlər və gələcək arzuları da eynilik təşkil edir. Bu səbəbdən də mühəndis kimi proseslərin avtomatlaşdırılması sahəsində layihələrini reallaşdırmaq arzusundadır.
Məhəmməd onu da qeyd edir ki, qarşıdakı illərdə tədqiqat işlərini genişləndirəcək, səmərəli və maraqlı layihələrlə dövlətimizi beynəlxalq tədbirlərdə təmsil edəcək.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu