Baş Prokurorluq bloger Rəfael Piriyevi istintaqa dəvət edib.
Bizim.Media xəbər verir ki, bu barədə "İctimai TV"də məlumat verilib.
Məlumatda bildirilib ki, təqsirləndirilən şəxs Rəfael Fizuli oğlu Piriyevə rəsmi bildiriş göndərilib.
O, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə mayın 2-si saat 12:00-da Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Qeyd olunub ki, R.Piriyevin 2020-ci il sentyabrın 7-də təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib.
Həmin qərara əsasən, onun 2019-cu il aprelin 19-dan avqustun 7-dək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “yutub” və “feysbuk” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqdan qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 2020-ci il sentyabrın 7-də barəsində axtarış elan edilib və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Rəfael Piriyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
Qeyd edək ki, bundan əvvəl Baş Prokurorluq Qurban Məmmədov, Tural Sadıqlı, Orxan Ağayev, Süleyman Süleymanlı, İmaməddin Əlimanov və digərlərinin İstintaq İdarəsinə çağırılması barədə də məlumat yayıb.
Bizim.Media