Ölkəmizdə taksi sürücülərinin 61.3%-i gündəlik orta hesabla 8 saatdan çox işləyir.
Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, Mərkəz tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ictimai müzakirələr fonunda Bakı və Abşeron ərazisində taksi fəaliyyəti ilə məşğul olan şəxslər arasında keçirilmiş sosioloji sorğu bir sıra mühüm nəticələri üzə çıxarıb.
Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti ilə məşğul olanların 54.6%-i 35 yaş və ondan aşağı yaş qrupuna, 27.5%-i 36-45 yaş qrupuna, 12.3%-i 46-55 yaş qrupuna, 5.7%-i 56-65 yaş qrupuna mənsubdur. Başqa sözlə, taksi sürücülərinin əksəriyyəti gənc və orta yaşlı insanlardır.
Taksi sürücülərinin 69.0%-i son 5 ildir bu fəaliyyətlə məşğul olur.
Həmçinin onların 54.9%-nin son 3 il ərzində taksi xidməti göstərməyə başlaması bu sahəyə yeni daxil olanların üstünlük təşkil etdiyini deməyə əsas verir. Taksi fəaliyyəti ilə məşğul olanların 19.0%-nin bu sahədə fəaliyyət müddəti 5 ildən 10 ilə qədər, 12.0%-nin 10 ildən yuxarıdır.
Taksi xidməti göstərənlərin əməkdaşlıq etdikləri şirkətlər arasında ilk üçlükdə “Bolt” (75.9%), “Uber” (49.2%) və “Yango” (16.9%) taksi aqreqatorları dayanır.
Taksi sürücülərinin 38.7%-i taksi fəaliyyəti ilə gündəlik orta hesabla 8 saat və ya ondan az, 22.6%-i 8-10 saat, 38.7%-i 10 saatdan çox məşğul olur. Başqa sözlə, taksi sürücülərinin yarıdan çoxu (61.3%-i) gündəlik orta hesabla 8 saatdan çox işləyir.
Sorğunun nəticələrinə əsasən, taksi fəaliyyəti onların 81.8%-nin əsas məşğulluq sahəsidir. Taksi sürücülərinin 17.7%-i taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olduğunu bildirib, 0.5% bu barədə məlumat verməyib.
Taksi fəaliyyəti ilə əlavə iş kimi məşğul olanların 72.5%-i bu işlə gündəlik 8 saata qədər məşğul olur. Taksi fəaliyyətinin əsas işi olduğunu bildirənlərin 69.0%-i bu işlə gündəlik 8 saatdan çox məşğuldur.
Taksi fəaliyyəti ilə əsas iş kimi məşğul olan hər üç nəfərdən birinin (33.9%) avtomobildən icarə formasında istifadə etdiyi məlum olub.
Taksi fəaliyyəti ilə məşğul olanların 70.5%-i hazırda kredit borcunun olduğunu bildirib.
Sorğunun nəticələrinə görə, taksi fəaliyyətində istifadə olunan minik avtomobillərinin 47.2%-i hibrid, 32.6%-i benzin, 0.8%-i qaz, 19.4%-i dizel mühərriklidir. Sorğu iştirakçıları arasında elektromobil istifadəçilərinə rast gəlinməyib.
Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini qeyd edib.
Taksi xidmətlərindən istifadə edərkən, sərnişinlərin 41.0%-i taksi minik avtomobilinin vəziyyətinin qənaətbəxş olmaması, 36.9%-i sürücünün telefondan istifadə etməsi, 30.7% sürücünün siqaret çəkməsi, 22.4%-i sürücü mədəniyyətinin aşağı olması, 20.0%-i yol hərəkəti qaydalarını pozması, 20.0%-i yüksək səslə musiqi dinləməsi, 19.7%-i ödəniş qalığını qaytarmaması, 15.5%-i qeyri-etik davranışı halları ilə mütəmadi qarşılaşdığını bildirib.
Surxay Atakişiyev, Bizim.Media