Bu gün Qusar Olimpiya İdman Kompleksində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin Qusar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə idman sahəsində tanınan, Cüdo idman növü üzrə Beynəlxalq dərəcəli idman ustası Kamran Məmmədovun şərəfinə U-15 Cüdo üzrə oğlanlar arasında şəhərlərarası turnirinin açılışı olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin Qusar şəhərindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kamran Məmmədovun idman sahəsindəki uğurlarından söz açılıb.
Çıxış edən Qusar İH-nin məsul əməkdaşı Ceyhun Hacıyev, Dağıstan Respublikasının Azərbaycandakı rəsmi nümayəndəsi Əliyar Abdullayev, Azərbaycan Cüdo Federasiyasının Prezidentinin müşaviri Natiq Bağırov, Əməkdar məşqçi, Prezident təqaüdçüsü Əhməd Rəcəbli, polkovnik Rəşad Aslanov və digərləri çıxışlarında Kamran Məmmədovun idman nailiyyətlərindən söhbət açıblar.
Kamran Məmmədov çıxışında tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq edərək təşkilatçılara təşəkkürnamələr təqdim edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməklə turnir açıq elan olunub və rəsmi hissə tamamlanıb. Musiqi ifaları və rəqslər nümayiş olunub.
Yarış 7 və 8 aprel tarixlərini əhatə edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu