Azərbaycanda işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə onların attestasiyası keçirilir. Bu, Əmək Məcəlləsində öz əksini tapıb. Həmin Məcəllənin 66-cı maddəsində göstərilən işçilər isə istisnadır.
Bizim.Media qanunvericiliklə attestasiyadan keçirilməsi qadağan edilən işçilərin siyahısını təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Peşəkarlıq süzgəcindən KEÇMƏK – Musiqi müəllimlərinin attestasiyasının ƏHƏMİYYƏTİ
1. Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;
2. Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;
3. bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;
4. hamilə qadınlar;
5. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);
6. yaşı 18-dən az olan işçilər;
7. bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;
8. eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;
9. kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;
10. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.
Xatırladaq ki, 2018-ci ilə qədər ümumitəhsil müəssisələrində təhsilverənlərin də attestasiyası keçirilirdi. Lakin 2018-ci ildə Əmək Məcəlləsinə edilən dəyişikliklə müəllimlərin attestasiyası ləğv edilib və müəllimlərin sertifikasiyasının keçirilməsi bəndi əlavə edilib.
Qeyd edək ki, yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
Günay Şahmar, Bizim.Media