Astarada yeniyetmə qız avtomobilin altında qalaraq ölüb.
Astara rayonunun Kijəbə qəsəbəsində baş verən faciəvi hadisə nəticəsində azyaşlı qız həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ilkin məlumatlara görə 13 yaşlı Zəkiyyə Kazımzadə yaşadığı evin həyətyanı sahəsində hərəkətsiz vəziyyətdə əlil arabasında olarkən avtomobilin arxa hissəsinin dəyməsi nəticəsində ağır xəsarət alıb. Nəqliyyat vasitəsini azyaşlının əmisi – Vasif Kazımov idarə edib. Geri hərəkət zamanı yeniyetməni görməyən sürücü onu ehtiyatsızlıqla vurub.
Qəza nəticəsində ciddi bədən travmaları alan Z.Kazımzadə təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə həkimlərə çatdırılmamışdan əvvəl vəfat edib.
Mərhumun cənazəsi ekspertiza məqsədilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə göndərilib.
Hadisəni törədən şəxs könüllü olaraq hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı Astara rayon prokurorluğu tərəfindən araşdırma başladılıb.
Sabutay, Bizim.Media, Cənub bürosu