Bakının Mərdəkan qəsəbəsində yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qeydiyyat şöbəsində hər gün xaos yaşanır. Belə ki, bu xəstəxananın canlı növbə sistemində nizamsızlıq müşahidə olunur.
Bizim.Media əməkdaşı bu vəziyyətə özü şahidlik edib.
Növbə gözləyən xəstələrin hamısı qeydiyyat şöbəsinin önündə pərakəndə şəkildə düzülür. Daha doğrusu bu nizamsızlığı xəstəxana əməkdaşları yaradır. Növbə nizamsızlığından təngə gələnlərdən kimisi məsul şəxsə narazılığını ifadə edir, kimisi isə digər xəstələrlə növbə davası edir.
Diqqət çəkən məqamlardan biri isə növbəyə yazılma qaydasıdır. Çünki burada müasir imkanlardan söhbət belə gedə bilməz. Xəstəxanada növbə lövhələri yoxdur, kiçik bir vərəqəyə xəstələr öz adlarını yazırlar. Elə formada çağırılırlar ki, bu həm uzun çəkir, həm də insanların narazılığına səbəb olur. Hətta növbəsiz keçənlər də olur.
Belə ki, qeydiyyat şöbəsində bir bəy dayanır. O, əlindəki kiçik kağızı növbədə gözləyənlərə verir ki, buraya sıranızı və adınızı qeyd edin, biz oxuyub çağıracağıq. Məsələn, 45-Əli, 46-Nigar, 47-Fərid... (şərti adlar).
Əlbəttə, bu hal sanki 2025-ci ili yox, 80-ci illəri xatırladır.
Müşahidə edirik ki, saatlarla həkim qəbulunu gözləyən xəstələrin əyləşməsi üçün oturacaqlar belə yoxdur.
Maraqlıdır ki, adıçəkilən xəstəxanada niyə növbə sistemini nizama salacaq elektron lövhələr qoyulmur və yaxud onlayn növbə sistemi tətbiq olunmur?
Qeyd edək ki, mövzuyla bağlı TƏBİB-ə sorğu ünvanlamışıq...
Mövzunu diqqətdə saxlayacağıq.
Nəzrin Mirzəyeva, Bizim.Media