Biləsuvar şəhərinin Təbriz kücəsində məişət tullantılarının düzgün idarə olunmaması sakinləri narahat edir. Narahat edir deyəndə ki, əslində elə problemi yaradan, ondan əziyyət çəkənlər də elə bu məhəllənin sakinləridir.
Ərazidən keçən şor su kollektorunun başdan-ayağa zibiliyə qərq olması daha çox isti havalarda özünün üfunəti ilə ətrafda yaşayanları təmiz havadan məhrum edir. Bu məsələni qabardan məhəllə sakinlərinin sözlərinə görə bir-birinə qarışan tullantılardan təkcə üfunət yox, elə xəstəlik də yayılır.
Samir Nəsirov Bizim.Media-ya deyib ki, 5 ildir bu məhəlləyə köçüb. Hər dəfə sözü bir yerə qoyurlar ki, heç kim zibilini buralara atmasın, amma problem yenidən yaranır.
Mahmud Məmmədov isə deyir ki, məhəllə boyu su kollektoru uzanıb gedir, kiminsə zibil atmasına nəzarət etmək mümkün deyil.
"Yəni, hər yerə "bura zibil atanın..." söyüşünü yazıb vursalar da məsələ həll edilməyəcək.
Mütləq zibillərin daşınması məsələsi həll edilməlidir ki, bu il də üfunətdə yaşamağa məcbur qalmayaq".
Təbriz küçəsinin sakini Xəlil Gözəlovun sözlərinə görə isə bəzi sakinlər zibillərini şor kollektoruna ataraq ətraf mühitin çirklənməsinə səbəb olurlar. Məsələ ilə bağlı yerli icra orqanları və kommunal xidmət qurumları ilə şəxsən onun vasitəsi ilə də əlaqə saxlanılıb, lakin onların münasibəti eyni olub:
“Sakinlər zibillərin daşınması üçün müqavilə bağlamaqda maraqlı deyillər".
Problem hardan qaynaqlanır?
Zibil qutularının ərazilərdə quraşdırılmadığından şikayətlənən sakinlər bu məsələdə rəsmi qurumları günahkar bilirlər. Kommunal xidmət orqanları isə bunun səbəbini sakinlərin tullantıların daşınması üçün müqavilə bağlamamasında görür.
Məsələ ilə bağlı Biləsuvar rayon İcra hakimiyyətinin şəhər üzrə nümayəndəsi Qabil Xammədov açıqlamasında bildirib ki, təkcə Təbriz küçəsində deyil, daha bir neçə ərazidə oxşar problem var.
"Biz öz tərəfimizdən sakinlərin rəsmi və müvafiq qurumla müqavilə bağlamalı olduqlarını dəfələrlə yerində görüşərək izah etmişik, çox təssüf ki, sakinlər çox az miqdarda olan zibil daşınması xərcindən qaçırlar. İlk növbədə bunun özlərinin ziyanına olduqlarını isə qəbul etmirlər. Məcbur qalıb sözügedən kollektor ərazisini öz qüvvəmizlə təmizləyirik. Amma bu problemi tam həll etmir. Biz orada yaşayan ağsaqqallarla, sözükeçən adamlarla dəfələrlə görüşmüşük, amma məhz çoxluq zibil daşınmasının qanuni yolla təmin edilməsinə maraq göstərmir".
Biləsuvar şəhər Kommunal Müəssisələr Kombinatının rəisi Ceyhun Həyatov elə birbaşa sakinlərin özünü günahlandırıb:
"Onlardan soruşun axı ora zibil atanlar kimlərdir? Digər tərəfdən biz təsərrüfat hesablı təşkilatıq. Tarif Şurasının müəyyənləşdirdiyi miqdarda cəmi aylıq 2 manat ödəniş edərlərsə, həftədə 3 dəfə onların məişət tullantılarının yığılmasını təmin edə bilərik. Bu haqda ərazidə olan bütün ünvanlara rəsmi bildiriş göndərmişik, izahat işləri aparmışıq. Düz həyətindən tulllantılarını daşımağı təmin edə bilərik, amma sakinlər rəsmi müqavilə bağlamadan bunu necə etmək mümkün olar? Bəzən məcbur qalıb öz maliyyə imkanımız daxilində ərazini təmizləyirik. Sonra yenə həmin ərazini elə həmin sakinlər zibillə doldurur”
Beləliklə, problem dövr halına düşüb və konkret həll yolu tapılmır.
Həll yolları varmı?
Qeyd edək ki, zibil daşınması elə bir çox rayonlarda tam həll edilə bilinməyən problemlərdəndir. Necə ki, rayonları başına götürmüş sahibsiz küçə itləri problemi ki, bu məsələnin də tam həlli tapılmır.
Mütəxəssislərin fikrincə isə sözügedən məhəllənin yaşandığı halların qarşısını almaq üçün bir neçə tədbir görülə bilər:
Maarifləndirmə işlərinin gücləndirilməsi ilə sakinlərə zibillərin kollektora atılmasının ekoloji fəsadları izah edilməli, onları rəsmi müqavilə bağlamağa təşviq edən məlumatlandırma kampaniyaları təşkil olunmalıdır. İctimai təşəbbüslər – bələdiyyə və icra nümayəndəliyi müvəqqəti olaraq müəyyən nöqtələrdə tullantı konteynerləri quraşdıra bilər ki, sakinlər buna öyrəşsin və rəsmi xidmətlərdən istifadə etməyə həvəslənsinlər.
Nəzarət və cərimələr
Əgər sakinlər zibilləri müəyyən olunmamış yerlərə atmağa davam edərsə, inzibati tədbirlər görülə və cərimələr tətbiq edilə bilər.
Alternativ güzəştlər
Sakinləri rəsmi müqaviləyə təşviq etmək üçün müəyyən müddət ərzində xidmətlər güzəştli və ya pulsuz təqdim oluna bilər. Bu, onların sistemə inteqrasiyasını asanlaşdırar.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
13:30 / 05.04.2025
Biləsuvarda xəstəlik yayan ZİBİL problemi – Qurumlar, yoxsa sakinlər GÜNAHKARDIR? – FOTO/VİDEO
Hazırda oxunan: Biləsuvarda xəstəlik yayan ZİBİL problemi – Qurumlar, yoxsa sakinlər GÜNAHKARDIR? – FOTO/VİDEO
Hazırda oxunan: Biləsuvarda xəstəlik yayan ZİBİL problemi – Qurumlar, yoxsa sakinlər GÜNAHKARDIR? – FOTO/VİDEO
242447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.