Qarabağ münaqişəsinin ilk iki şəhidindən biri – Bəxtiyar Quliyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. O, 1993-cü ildən sonra ilk dəfə doğma yurdunda anılıb.
Bizim.Media xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunan mərasimdə şəhidin doğmaları ilə yanaşı ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib. Tədbir iştirakçıları onun doğulduğu kənd qəbiristanlığındakı anım məzarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar. Çıxışlar zamanı Bəxtiyar Quliyev haqqında geniş söhbət açılıb.
Ermənilərin Qarabağda torpaq iddialarına başlamasına görə 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüş zamanı ermənilər tərəfindən qətlə yetirilən Əli Hacıyevlə birlikdə şəhid olan 16 yaşlı Bəxtiyarın doğmaları qardaşlarının doğma yurda andıqlarının qürurlu hiss olduğunu bildirib.
Qeyd edək ki, Bəxtiyar Quliyevin məzarı doğulduğu Ağdam rayonunun işğaldan azad edilmiş Şıxbabalı kənd qəbiristanlığındadır. Onun məzar daşının qalıqları ötən il aşkar edilsə də dağıntılar səbəbində məzar hələ də müəyyən edilməyib. Məhz elə buna görə də digər şəhid məzarlarının yanında ona anım-xatirə məzarı yaradılıb.
Bizim.Media