Azərbaycanda yaşayan azsaylı xalqlar öz adət-ənənələrini qoruyub saxlayırlar. Onlar özlərinə məxsus bayramları daima qeyd edirlər. Bu gün də Zaqatalada yaşayan avar xalqı “Hampuruc” bayramını qeyd edir.
Rayonun Dardoqqaz kənd sakini Səmrət Qasımova bu barədə Bizim.Media-ya məlumat verib.
“Bu gün bizim milli bayramımız olan “Hampuruc” bayramıdır. Bu bayram ancaq Zaqatalanın avar xalqının məskunlaşdığı kəndlərdə qeyd edilir. Biz bu bayramı Ramazan ayının son günü böyük həvəslə keçiririk. Bu müqəddəs gündə süfrələr bəzədilir. Həmin günü uşaqlar böyük sevinclə qapı-qapı gəzərək bayram payı yığırlar. Onlar qapılara gələrək, “QUDAA QOO HAMPURUUUC” deyərək öz bayram paylarını götürüb başqa qapıya gedirlər. Bundan başqa bayram günü heç bir evin qapısı bağlı, iti açıq olmur. Səbəb isə hər kəsin, əsasən də uşaqların doyunca bayramlaşa bilməsidir”.
Səmrət xanım onu da qeyd edib ki, əgər “Hampuruc” bayramını kim qeyd etmək istəyirsə, avar xalqına qonaq gələ bilər.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu