"Nature Medicine" jurnalında dərc edilən yeni araşdırma pəhrizin uzunömürlülük üzərində təsirini bir daha ortaya çıxarıb.
Bizim.Media xəbər verir ki, alimlər sağlam yağlar, meyvələr, tərəvəzlər və taxıl qidaları istehlak edən şəxslərin xroniki xəstəlik riskinin istehlak etməyənlərə nisbətən daha az olduğunu müəyyən edib.
Alimlər 30 il ərzində 105.000 iştirakçının qidalanma qaydalarını araşdırıb. Araşdırma nəticəsində yalnız 9771 iştirakçının sağlam qocaldığı müəyyən edilib.
Pəhrizin yaşlanma əleyhinə təsirə malik olduğu, AHEI (Alternativ Sağlamlıq Qidalanma İndeksi) Aralıq dənizi və ya bitki əsaslı pəhrizlərlə müqayisədə daha uzunmüddətli faydalar təklif etdiyi sübut edilib. Bu pəhriz növü bol tərəvəz, meyvə, paxlalılar və qoz-fındıqların istehlakına diqqət yetirir. Alternativ Sağlam Qidalanma İndeksi xroniki xəstəliklər riskini azaltmaq məqsədi daşıyır.
Pəhrizə bəzən ət, balıq və süd məhsulları əlavə edilir, lakin işlənmiş ət, duz, trans yağlar və şirinləşdirilmiş içkilərin istehlakı məhduddur.
Mütəxəssislər, pəhrizə riayət edən insanların sağlam vəziyyətdə 70 yaşa çatma ehtimalının daha çox olduğunu təyin ediblər.
Aygün Hüseyn, Bizim.Media