Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat –  Evin açarlarını ona verdi...

Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...

Hazırda oxunan: Milyonçu Tağıyevlə Nuru Paşa arasındakı tarixi əhvalat – Evin açarlarını ona verdi...

240386
Moderator.az Bakının işğaldan azad olunması ilə bağlı (1918 –ci il 15 sentyabr) silsilə yazılarına davam edir.

Bu silsilədən daha bir tarixi faktı təqdim edirik:xa0

Həmin gün Qurban Bayramı günləri idi...29 yaşlı Nuru Paşa bizi ermənilərin qurbanı olmağa qoymadı!
1918-ci il sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad edən Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru paşa bütün Bakı əhalisinin arzusuna əsasən sentyabrın 16-da Təzəpir məscidinə dəvət olundu. Ətraf küçələr, məscidin həyəti hər yaşda olan adamla dolu idi, şadyanalıq edən adamların əlindən tərpənmək olmurdu. Məscidin içərisi isə Osmanlı ordusunun yüksək rütbəli zabitləri, paşalar, milli hökumətin nazirləri, milyonçular və ruhanilərlə dolu idi. Təzəpir məscidinin axundu Axund Ağa Əlizadənin müşayiəti ilə Nuru paşa minbərə çıxdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqinə başladı. Ucaboy, gözəgəlimli, bir qədər arıq, cavan natiqin mərdanə üzü, zəkalı gözləri var idi. Əynində türk paşası libası, şinelin hər iki tərəfində parıldayan düymələr tikilmişdi. Nuru paşa danışanda bütün məscid sükuta qərq olmuşdu. Türk ordusunun Bakını azad etməsi Qurban bayramına təsadüf edirdi. Ona görə də Təzəpir məscidi öz qapılarını müsəlmanların üzünə açdığı gündən bəri məscid bu qədər insan görməmişdi. Yüzlərlə insan məscidin həyətində qurban kəsir, Bakının azad olunmasını bayram edirdi. Təzəpir məscidi ilk dəfə idi ki, general libaslı 29 yaşlı bir zabiti məscidin minbərində görürdü. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin dili ilə desək “Allah-Təala müsəlmanları kafirlərdən qorumaq üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Beləliklə, Təzəpir məscidində Qafqaz İslam Ordusunun Bakı şəhərinin azad olunmasına həsr olunmuş ən böyük mərasim keçirildi. Bu hadisə bir daha göstərdi ki, Təzəpir məscidi millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durur.

Sentyabrın 16-da H.Z.Tağıyev öz evində Bakının azad olunması münasibətilə Nuru paşa başda olmaqla türk əsgərlərinin şərəfinə böyük ziyafət təşkil etmişdi. Nuru paşanın Təzəpirin həyətində on minlərlə insan tərəfindən qarşılanması uzun çəkdi. Həm də paşanın ayağı altında kəsilən qurbanlar onun paltarlarını və çəkmələrini yararsız hala salmışdı. Buna görə də məcburən öz qərargahına qayıdan Nuru paşa Hacı tərəfindən təşkil olunan ziyafətə gecikməli oldu.

Bakı daşnak-bolşevik qüvvələri tərəfindən işğal olunarkən H.Z.Tağıyev bildirmişdi ki, Bakı şəhərini bu düşmən qüvvələrinin əlindən kim azad etsə, yaşadığım evi (indiki Azərbaycan Tarixi muzeyi) ona bağışlayacağam. Doğrudan da, Hacı sentyabrın 16-da təşkil etdiyi ziyafətdə sözünün üstündə duraraq nümayişkaranə şəkildə evin açarını Nuru paşaya təqdim etdi. Nuru paşa Hacının böyük bir insan olduğunu söylədi, ona minnətdarlığını bildirdi və hamının alqışları altında açarı ona qaytardı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO