Novruz təbiətin, yaranışın insanlığa, bəşəriyyətə çox incə bir mesajıdır. Gecəni gündüzə tay eləyib bərabərləşdirdiyi kimi insanları da birgə, həmrəy olmağa çağırır.
Yenilənib gülü, ağacı pöhrə verən təbiət insanın da könlündə xoş niyyət, yaxşı məram göyərtməyə can atır.
Yəqin zamanında el şənlikləri keçirmək, bir süfrə arxasına toplaşmaq, halay çəkmək ənənəsi də təbiətlə insanın iç-içə olmasından, harmoniyasından yaranıb.
Qaynayıb-qarışmaq, birgə olmaq, bütövləşmək əsrlərlə yaşı olan Novruzun əsas qayəsinə çevrilib. Pay aparmaqdan, tonqal qırağına toplaşmaqdan "Yallı"ya, qurşaqatdıya qədər...
Amma ənənələr insanlara, onu yaşadanlara bağlıdır. İnsanlar bir-birinə soyuduqca adətlər də yadlaşır, unudulur.
İndi az adam tapılar ki, qonşuyla baş-başa verib bayram şirniyyatı bişirsin. Evində çatmayan üçün yan qapını döysün. Axşam tonqalların başına uşağı yox, özü düşsün. Torba atanın, qulaq falına çıxanın üzünə qapı açsın...
İndi bayrama mənəvidən daha çox maddi hazırlığı önəmsəyən bizləri dəyişdirən, yadlaşdıran nədir?
Niyə “Bayramların qabaqkı dadı qalmayıb” deyə -deyə ənənələrimizi virtualdan izləyirik? Gələnəkləri kənddə qoyub gəlməyimiz, şəhərli olmağımız? Güzaran qayğısının bayram ovqatımızı üstələməsi, yoxsa mədəniyyətlərin qloballaşması?
Bəlkə də hamının bütün bunlardan yorulub təkliyə çəkilmək istəməsi.
Yorğun, informasiya və fiziki yükü çiyninə ağırlıq edən insan hay-küylü mühitdən qaçır. Fərdiləşməyə, tənhalaşmağa can atır, sakitliyi öz dünyasına, daxili hücrəsinə çəkilməkdə görürür.
Əslində, özünə çəkilmə, mənəvi yalnızlaşmanın özü də təkamülün bir yoludur, deyirlər.
Bəlkə də indi məhz buna ehtiyac var.
Dünyanın süni intellektin, texnologiya nəhənglərinin ovucuna buraxıldığı bu məqamda insanın özüylə üz-üzə, baş-başa qalması, özünü sorğulaması daha doğrudur.
Dəyərlərin aşındığı, fərdiləşmənin artdığı, qaçhaqovlu bu dönəmdə insanlığın nəfəs dərməsi, dünyanın hara getdiyini saf-çürük eləməsi, kapital dünyasının, istehlak cəmiyyətinin girovuna çevrildiyinin fərqinə varması, gecə-gündüz yalnız güzəran üçün çalışmasının onu öz mahiyyətindən uzaqlaşdırdığını anlamasına ehtiyac var.
Yalnız bundan sonra insanların dünyanın nicatının həmrəylikdə, birgəlikdə, bayramlaşmaqda olduğuna yenidən əmin olacaq. Əmin olacaq ki, hər bahar təbiətlə birgə insanın da yenilənməsidir. Və biz Novruzla birgə təbiətin oyanışını, yazın gəlişini yox, həm də yenilənən insanlığı qutlayırıq.
Özümüzü, ruhumuzu yeniləmək, dəyərlərimizi yaşatmaq diləyi ilə bayramınız mübarək!
Rəna Cumaqızı, Bizim.Media