Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinə, müəllimlərə, elm adamlarına müraciət edərək, ana dili imtahanından keçməyə çağırıb. Sədr “Azərbaycan dili üzrə sertifikasiya imtahanı”nın onlayn platformasının təqdimat mərasimində çıxış edərkən deyib ki, Azərbaycan dili üzrə bu imtahanlardan keçən şəxslərin dili hansı səviyyədə (A1, A2, B1 və s.) bildikləri məlum olacaq:
“Əlimizdə ilkin data olması üçün bizim ilkin olaraq 2000 nəfərin nəticəsinə ehtiyacımız var".
DİM sədrinin bu müraciəti müraciət olunan insanlar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri elm adamlarının, yazıçıların və müəllimlərin belə bir sınağa ehtiyac olmadığını, bəziləri isə sədrin bu təşəbbüsünü dilə maraq artırmaq baxımından alqışlayıb.
Bəs maraqlıdır ki, başqa hansı peşə sahibləri ana dilindən imtahan verməlidirlər
Məsələyə münasibət bildirən Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Baba Məhərrəmli Bizim.Media-ya deyib ki, dil biliyinin səviyyələr üzrə sınağı bəzi imtahanlarda tətbiq oluna bilər:
MÖVZU İLƏ BAĞLI:
Məleykə Abbaszadə AYB üzvlərini dil imtahanlarından keçməyə ÇAĞIRDI
“Dil səviyyələri (A1, B1 və s.) üzrə imtahanlar beynəlxalq təcrübədə var. Tövsiyə edərdim ki, ana dili üzrə səviyyələr dövlət qulluğuna imtahanda tətbiq olunsun. Bildiyim qədər dövlət qulluğunda ana dili imtahanı var, amma səviyyələr üzrə deyil. Tətbiq olunsa, daha düzgün olar”.
Bundan başqa o, əcnəbilərin də Azərbaycan dilindən imtahan vermələrinin doğru olduğunu qeyd edib:
“Əcnəbilər Azərbaycana gələndə əgər burada işləyirlərsə və vətəndaşlıq alırlarsa, dövlət dilindən imtahan versələr, daha yaxşı olar. Bu əcnəbilər üçün məcburi olmalıdır. Onda Azərbaycan dilinin statusu daha da artmış olar”.
Günay Şahmar, Bizim.Media