Cəlilabad şəhərinin mərkəzində yerləşən və rayonun ən qədim tarixi abidələrindən biri hesab olunan Cəlilabad hamamı tamamilə dağılmaq təhlükəsi ilə üz-üzədir.
Yerli əhəmiyyətli memarlıq abidəsi kimi tanınan bu tikilinin bir neçə ilə 100 illik yubileyi tamam olacaq.
Lakin uzun illər qorunub saxlanılan bu tarixi məkan hazırda baxımsızlıq səbəbindən yararsız vəziyyətə düşüb. Sakinlərin sözlərinə görə, vaxtında lazımi tədbirlər görülmədiyindən divarlarında iri çatlar əmələ gəlib və bu çatlar getdikcə genişlənir.
Məlumata görə, iki böyük günbəzdən ibarət olan hamam bölgədə ilk kanalizasiya sisteminə malik tikililərdən biridir. Keçmişdə burada xüsusi saxsı borular vasitəsilə həm divarlarda, həm də yeraltı hissədə kanalizasiya sistemi qurulmuşdu. Yaşlı və yerli sakinlərin sözünə görə cəmi bir neçə odunla səhərdən axşama qədər hamamın həm suyu, həm də içərisi isidilirmiş. Hamam fəaliyyətini dayandırdıqdan sonra müxtəlif məqsədlərlə istifadə olunub. Lakin illər ərzində əsaslı təmir aparılmadığı üçün divarlar getdikcə daha da zədələnib.
Qeyd edək ki, məhz bu hamam ictimai iaşə obyekti olaraq qadınlar, həmçinin kişilər üçün ayrı-ayrılıqda xidmət göstərib.
Yəni həftənin cüt günləri qadınlar, tək günləri isə kişilər üçün istifadə edilirmiş. Hamamın tarixi abidə olduğu və dövlət tərəfindən qorunduğunu bildirən xüsusi bir lövhə isə yoxdur. Ən azı hər hansı bir turistin diqqətini bura cəlb etmək mümkün deyil.
Qeyd edək ki, Cəlilabad rayonunda rəsmi olaraq 53, yerli tarixçilərin qeydlərinə görə isə 100-dən çox tarixi abidə mövcuddur. Onlardan ikisi dünya əhəmiyyətli, digərləri isə respublika və yerli əhəmiyyətli abidələr sırasına daxildir.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Bizim.Media-nın sorğusunu cavablandırıb.
Cavabda qeyd olunur ki, Dövlət Xidməti tərəfindən həmin hamamın qorunması və bərpa olunaraq yenidən istifadə olunması istiqamətində kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. Hamamın bərpaya ehtiyacı var. Tarixi abidənin bərpa olunması investisiya planına daxil edilib.
Qeyd edək ki, tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır.
Onu da bildirək ki, hamam dağılma prosesinə qədəm qoyduqdan sonra onu üst və arxa hissəsindən əhatəyə alan qəribə sıx bitki kolunun sayəsində bişmiş kərpicdən olan divarların tam dağılması bir qədər səngiyir. Yaxınlıqda yaşayan sakinlərin sözlərinə görə bitki bu sürətlə böyüsə hamamı tam ağuşuna alacaq. Deyəsən bizim qorumadığımız tarixi ana təbiət öz qanunları ilə gələcək nəslin insafına saxlayır.
Sabutay, Bizim.Media, Cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 18.03.2025
100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR - Unikal memarlığa malik hamam niyə bərpa edilmir? – FOTO
Hazırda oxunan: 100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR - Unikal memarlığa malik hamam niyə bərpa edilmir? – FOTO
Hazırda oxunan: 100 yaşlı abidəni dağılmaqdan BİTKİ KOLU QORUYUR - Unikal memarlığa malik hamam niyə bərpa edilmir? – FOTO
239791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.