Toplum psixologiyasına qurban gedənlər - Qadınlarda gözəllik kompleksi nədən yaranır?

Toplum psixologiyasına qurban gedənlər - Qadınlarda gözəllik kompleksi nədən yaranır?

Hazırda oxunan: Toplum psixologiyasına qurban gedənlər - Qadınlarda gözəllik kompleksi nədən yaranır?

239789

Son zamanlarda estetik cərrahiyyə əməliyyatından sonra ölən və mənfi fəsadlarla üzləşənlərin sayı artıb. Fevralın 27-də Bakı şəhərində “Etalon hospital”da liposaksiya əməliyyatı etdirən Sumqayıt sakini vəfat edib. 34 yaşlı Pərvanə Mirzəyevanın əməliyyatdan bir neçə gün sonra ölümü qeydə alınıb.

Bu, ilk belə hal deyil. Belə görünür ki, sonuncu da olmayacaq. Çünki Səhiyyə Nazirliyi də estetik əməliyyatla bağlı insanlara, xüsusilə, qadınlara çağırış etsə də hər gün bu əməliyyatların sayı artır.

Xatırlatmaq yerinə düşər ki, estetik əməliyyatlar və bunu icra edən cərrahlarla bağlı çoxsaylı müraciət və müzakirələrdən sonra bir neçə dövlət qurumunun nümayəndələrindən ibarət xüsusi təftiş komissiyası yaradılıb. Hazırda estetik cərrahların diplomlarının, bu əməliyyatın aparılmasına icazə verən sənədlərin yoxlanılması prosesi gedir.

Bəs maraqlıdır ki, qadınları buna vadar edən nədir və ya kimlərdir? Qadınlarda gözəllik kompleksi nədən yaranır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, buna həm də effektli fotolar səbəb olur:

“Son dönəmlərdə xanımlar öz fotolarına müxtəlif effekt verirlər və özlərini belə daha gözəl görürlər. Sonra özlərini bəyənməməyə başlayırlar, effektdəki kimi burun, dodaq, gözlər axtarırlar. Ona görə də gedib əməliyyat etdirirlər, qaş çəkdirib, göz dartırıb, dodaqlarını böyüdürlər. Artıq gözəlliyin standartı dəyişib. Hətta həkimlər belə öz ixtisasını estettik cərraha dəyişirlər. İnstaqramda ancaq və ancaq estetik əməliyyatlar reklam olunur”.

O hesab edir ki, toplum psixologiyasına qurban gedənlər də az deyil:

“Toplum psixologiyasında belə bir hal baş verir ki, insanlar gördüklərini öz həyatlarına tətbiq etməyə başlayırlar. Tələbat artıq bu əməliyyatlaradır. İnsanlar 50-60, 70-80 kiloqram olmaqla da gözəl sayıla bilərlər. Tövsiyə edirəm ki, aşağı yaşlardan etibarən çalışın ki, uşaqlarınıza xoş söz deyəsiniz.

Onu gözəl olmasa belə gözəl olduğuna inandırın. Övladlarınıza kifayət qədər özgüvən, dəstək, qayğı,sevgi verin ki, övladlarınız bu cür addımlar atmasın. Bu cür addımlar övladlarımızı təhlükəyə atır.
 

Həkim o qədər sənəd imzaladır ki, özünü qarantiya alır. Xanımlar dünyasını dəyişəndə həkim heç bir məsuliyyət daşımır. Xanımlar özləri çalışmalıdırlar ki, özlərini kompleskə salmasınlar, sevgi dilnənçisi olmasınlar. Özünüzü gözəl, savadlı, ağıllı, varlı, bacarıqlı olmanıza inandırmalısınız.


Bəzən təcrübədə elə xanımlara rast gəlirəm ki, xanım artıq çəkidən əziyyət çəkir. Amma o özünü həmin çəkidə gözəl hiss edir, şarmlı olduğunu, özünü dünyanın ən gözəl qadını hesab edir. Halbuki insan həmin çəkidən azad olmalıdır. Amma indi daha çox insanlar yersiz komplekslərə düşürlər. İnsanları kompleksə salan effektli şəkillər, balaca burunlar, böyük dodaq və yanaqlardır. Ən çox olunan bu və bədən şəkilləndirmə əməliyaytlarıdır. Öz qabırğalarını çıxartdırırlar və bunu da bəh-bəhlə danışırlar”.

Psixoloq estetik əməliyyatları daha çox səhnə adamlarının etməli olduğunu vurğulayıb:
 

“Mən bu əməliyyatların əleyhinə deyiləm. Amma bunu estetik gözəllik sərgiləyənlər, modellər, toplum önünə çıxanlar, gözəl görünməyə məcbur qalanlar eləməlidirlər. Amma bunu da estetik əməliyyatdan çox sağlam həyat tərzi ilə formalaşdırmaq lazımdır.


Bəzi insanlar var ki, səhnəyə gəlmək üçün bu addımları atır. Əvvəllər səsi olan sənətə gəlirdi, indi isə bədəni gözəl olanlar gəlirlər. Bəzi müğənnilər var ki, onlar ancaq etdirdikləri əməliyyatla yaddaşda qalırlar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO