İslam dinində spirtli içki qəbulu günah sayılır. Yəni, günahlar sırasında sayılan bir sıra işlər var ki, bu da o qəbildəndir. Lakin bəzi insanlar həm ibadət edir, həm də günah əməllərlə məşğuldur. Buna oruc tutub, iftardan sonra spirtli içki qəbul edənlər də daxildir.
İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında bildirib ki, bu, xəlbirlə yaxud ələklə su daşımağa bənzəyir.
MÖVZU İLƏ BAĞLI:
Dostlarla içmək niyə həmişə maraqlı olur? – ARAŞDIRMA
“Qazandığı savabları etdiyi günahlar aparır. Yaxud etdiyi günahları savablar balanslaşdırır, yenə də havayı bir nəticə ortaya çıxır. Həzrəti Peyğəmbər buyurur ki, bəzi oruc tutanlar var ki, onlara yalnız aclıqları qalar” - deyə o, bildirib.
Gün ərzində oruc olub iftardan sonra spirtli içki qəbul etməkdən bəhs edən Tural İrfan qeyd edir ki, bu hal insanın ibadətini heçə endirir.
“Çox adamlar var ki, orucu pəhriz yaxud arıqlamaq, sağlamlıq məqsədi ilə yaxud adət olaraq tuturlar. Təbii ki, Allah rızası üçün oruc tutan adam istəməz ki, əməli puç olsun. Ən azı bir ay nəfsinə qalib gələ bilər. Ümumiyyətlə spirtli içki qəbul edən adamlar da yaxşı olar ki, oruc tutmasalar belə, Ramazan ərəfəsində qəbul etməsinlər. Böyük günahlar insanı dindən çıxarmır, amma, möminlikdən çıxarır”.
Aygün Hüseyn, Bizim.Media