Xəbər verildiyi kimi Yevlax rayon mərkəzində gənclər arasında mübahisə qanla bitib. Hadisə nəticəsində 2008-ci il təvəllüdlü Ayxan Quliyev və həmyaşıdı 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı bıçaqlanıb. 17 yaşlı A.Quliyev ürək nahiyəsindən bıçaqlandığı üçün hadisə yerində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdlü Mustafalı Həsən polis əməkdaşları tərəfindən saxlanılıb. Həmçinin qətl hadisəsini törətməkdə şübhəli bilinən daha iki nəfər də saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Yevlaxda mübahisə qanla BİTDİ- Yeniyetmə həyatını itirdi, yaralı var
Bizim.Media-nın yerli bürosu hadisə ilə bağlı bəzi təfərrüatları öyrənib. Məlum olub ki, yeniyetmələr arasında mübahisə marketdə növbə üstündə yaranıb.
Mübahisə böyüdüyü üçün Həsən Mustafalı evə gedərək bıçaq gətirib. Beləliklə dava qanla bitib.
Məlumat üçün bildirək ki, qətli törətməkdə şübhəli bilinən Həsən Mustafalı Yevlax şəhər Səməd Vurğun adına 5 saylı tam orta məktəbin şagirdidir. Ehtimallara görə onun atası da məhkumdur. Bıçaqlanan Ayxan Quliyev isə Yevlax şəhər 8 nömrəli məktəbin 11-ci sinif şagirdi idi.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər - 2009-cü il təvəllüdlü Mustafalı Həsən, 2005-ci il təvəllüdlü Mustafazadə Məhəmməd və 2007-ci təvəllüdlü Rəhim Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qətli törətməkdə şübhəli bilinən Həsən Mustafalının fotosu
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu