XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir - FOTO

XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir - FOTO

Hazırda oxunan: XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir - FOTO

239190

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

Bizim.Media xəbər verir ki, Belçikanın sabiq Baş naziri İv Lötermin moderatorluğu ilə keçirilən XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.

 “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında əvvəlcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus çıxış edib. O, ABŞ-ın ÜST-dən çıxmasını itki olaraq qiymətləndirərək deyib: “Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki, bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov beynəlxalq münasibətlər sisteminin yeni mərhələdən keçdiyinə diqqət çəkib: “Geosiyasi dəyişikliklər, daha geniş münaqişələr müşahidə olunur. Məhz bu sahədəki böhran çağırışlarının həll variantlarının tapılması olduqca vacibdir. Bir çox təsisatlar təsirli yanaşmalar tətbiq etməyə çalışırlar. Gücün tətbiqindən əl çəkmək, tərəfləri daha çox bir araya gətirmək istəyirlər”.


O, həmçinin bildirib: “BMT yeganə beynəlxalq universal qurumdur. Onun buraxılması faciəvi səhv olardı. Tarixdən dərs çıxarmalıyıq. Belə bir qurumun mövcud olmaması İkinci Dünya müharibəsinə gətirib çıxardı. Artıq uzun müddətdir ki, BMT-də islahatların aparılmasının vaxtı yetişib. Bu sistem daxilində illərdir həmin istiqamətdə çağırışlar var. Biz əsas diqqətimizi məhz bu məsələyə yönəltməli və sadəcə, çoxqütblü dünyaya uyğunlaşmalıyıq.”

Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Amr Musa beynəlxalq münasibətlərdə ünsiyyətin, qarşılıqlı əməkdaşlığın önəmini xatırladaraq vurğulayıb: “Mən səmimi-qəlbdən ümid edirəm ki, hazırda dünyadakı geosiyasi vəziyyəti olduğu kimi görürsünüz. Bu, gələcəyin gündəmidir. Beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər birbaşa müharibələrlə əlaqəlidir”.

“Reinventing Bretton Woods” Komitəsinin təsisçisi və icraçı direktoru Mark Uzan son 30 ildə qlobal maliyyə sisteminin bir çox maliyyə böhranı ilə üzləşdiyini bildirərək deyib: “İlk böhran ötən əsrdə başladı. Meksika böhranını xatırlaya bilərsiniz, sonra Kanada maliyyə böhranı gəldi və nəhayət 2008-ci ilin böyük qlobal maliyyə böhranı baş verdi. Bütün bu böhranlar beynəlxalq əməkdaşlıq mexanizmi sayəsində həll edildi”, - deyə o diqqətə çatdırıb.

Renmin Universitetinin Avropa Araşdırmaları Mərkəzinin direktoru Vanq Yivei isə çoxtərəfliliyi dəstəkləməyin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu, təkcə bir proses deyil, həm də əldə olunan nəticələrə əsasən daha çox üstünlük verilməli yanaşmadır.

“Çin də eyni mövqedədir və biz çoxtərəfliliyin tərəfdarıyıq. Çində biz deyirik ki, hər şey xalqa xidmət üçündür”, – deyə o diqqətə çatdırıb.

Vanq Yivei, həmçinin əlavə edib: “Suriyadan Avropaya axın edən qaçqınların sayına baxdıqda, bunun müxtəlif yan təsirlərlə bağlı olduğunu görürük. Biz dünyada bir ailə kimi yaşamalıyıq.”
Panel mövzu ətrafında müzakirələrlə davam edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO