Prezident yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir.
Bu barədə Bizim.Media-ya Komissiyanın üzvü, millət vəkili Fazil Mustafa məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Əfv gözləyənlərə ŞAD XƏBƏR: Komissiyada 100-dən çox müraciətə baxıldı
O, bildirib ki, əfvlə bağlı çoxsaylı müraciətlər var və onlara hissə-hissə baxılır:
“Müraciətlərə cinayət kateqoriyalarına uyğun olaraq baxılır. Ona görə də ümumilikdə neçə nəfərin müraciət etməsi ilə bağlı konkret rəqəm söyləmək mümkün deyil. Hansı cinayətə görə daha çox əfv olunacaq, bunu da öncədən söyləmək çətindir. Hər halda, bu istiqamətdə işlər gedir. Yəqin ki, yaxın iki ayın tamamında əfvin nəticəsini ortaya qoyacağıq və bununla bağlı bilgilər veriləcək”.
Komissiya üzvü onu da qeyd edib ki, bu məsələ ilə bağlı iclas və müzakirələr demokratik şəkildə aparılır:
“Ümid edirəm ki, bu nəticələr cəmiyyətimizdə əfv gözləyən insanlarda nikbin ovqat yarada biləcək”.
“Daha bir iclas keçiriləcək”
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də Bizim.Media-ya açıqlamasında bu həftə komissiyanın daha bir iclasının keçiriləcəyinin gözlənildiyini deyib:
“Əfvetmə prosesi Əvfetmə Komissiyası haqda Əsasnaməyə və Azərbaycan Qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əlbəttə, müraciət edən şəxslər barəsində məlumatların toplanması, emalı prosesi daha da sürətlənir, yeni texnologiyalar tətbiq edilir, yeni göstəricilər müəyyən edilir. Yəni daim təkmilləşmə prosesi gedir. Amma konkret olararaq əfvə kimlər düşəcək, kimlər çıxmayacaq, kimlərə aid olacaq, bunlar cənab Prezidentin səlahiyyətində olan məsələlərdir. Hələ iclaslarımız davam edir".
Rəna Cumaqızı, Bizim.Media