“ABŞ Prezidenti Donald Tramp real problemləri həll etmək üçün yenidən dəvət edəcəyi təqdirdə onunla görüşməyə hazıram”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinin Londonda təhlükəsizlik məsələləri ilə bağlı sammitindəki çıxışında səsləndirib.
“Biz bərabərhüquqlu dialoqa layiqik. ABŞ prezidenti dəvət etsə, konstruktiv dialoq, real problemlərin həlli və qətiyyətli addımlar atmaq məqsədilə onunla görüşməyə gedəcəm”.
Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ-la nadir mineral ehtiyatlar haqqında saziş imzalamağa hazırdır.
Ukrayna prezidenti Ağ Evdə Tramp və Venslə mübahisəsindən də bəhs edib. O, sözügedən müzakirələrin açıq şəkildə aparılmasının nə ABŞ, nə də Ukrayna üçün müsbət hal olmadığını qeyd edib.
“Mən əminəm ki, bu vəziyyət keçəcək və qarşıda daha vacib işlər var”, - deyə Ukrayna prezidenti bildirib.
Xatırladaq ki, fevral-ın 28-də Ağ Evdə baş tutan Tramp-Zelenski görüşü gərginliklərlə yadda qalıb. Tərəflər arasında baş verən mübahisədən sonra Zelenski nadir mineral ehtiyatlar haqqında sazişi imzalamadan Ağ Evi tərk edib. Bəzi mənbələr Ukrayna liderinin Tramp tərəfindən Ağ Evdən qovulduğunu yazıb.
Bizim.Media