Keçmiş iş yoldaş Artur Rasi-zadə ilə bağlı sirrləri açdı: "Hamıya qadağan etmişdi"

Keçmiş iş yoldaş Artur Rasi-zadə ilə bağlı sirrləri açdı: "Hamıya qadağan etmişdi"

Hazırda oxunan: Keçmiş iş yoldaş Artur Rasi-zadə ilə bağlı sirrləri açdı: "Hamıya qadağan etmişdi"

237383

"Artur Rasi-zadə 26 fevral doğum günündə Xocalı faciəsinə görə heç kimə onu təbrik etməyə icazə verməzdi, hətta ailəsinə də".  

Bizim.Media xəbər verir ki, bunu Nazirlər Kabinetinin sektor müdiri Qurban Sadıqov bildirib. 

Keçmiş Baş nazirlə bağlı xatirələrini bölüşən Q.Sadıqov hesab edir ki, peşəkar dövlət xadimi, ləyaqətli insan A.Rasi-zadənin həyat və fəaliyyəti böyük bir məktəbdir.

Onun həyat yoluna nəzər salan sektor müdiri diqqətə çatdırıb ki, A.Rasi-zadə adi mühəndislikdən ölkənin Baş naziri vəzifəsinədək uzun yol keçib: 

"Alicənab, olduqca sadə, sədaqətli, təvazökar, mədəni, savadlı və peşəkar insan olan Artur Rasi-zadə ölkəsini, xalqını, dövlətini qəlbən sevən, dəqiqliyi və konkretliliyi ilə fərqlənən, yüksək idarəetmə qabiliyyətinə malik, operativ qərarlar qəbul etməyi bacaran dövlət xadimidir. O, kadrları seçərkən dövlətçiliyə sədaqətə, biliyə, peşəkarlığa və təcrübəyə üstünlük verərdi. Baş nazir bu keyfiyyətləri ilə Nazirlər Kabineti Aparatında münbit və sağlam mühit yarada bilmişdi. 

Artur Rasi-zadə işlədiyi dövrdə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi məsələlərini, qaçqın və məcburi köçkünlərin problemlərinin həllini daim diqqət mərkəzində saxlayırdı. Keçmiş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi və mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində hökumətin üzərinə düşən öhdəliklərin operativ yerinə yetirilməsinə ciddi nəzarət edirdi. 

Baş nazirin yanında keçirilən çoxsaylı yüksəksəviyyəli görüşlərdə iştirak edərkən onun nə qədər cəsarətli, prinsipial, xalqını, dövlətini sevdiyinin, əsl Azərbaycan vətəndaşı olmasına dəfələrlə şahidlik etmişəm. Baş nazir tapşırmışdı ki, bir qayda olaraq beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələri ilə keçirilən bütün görüşlərdə Xocalı soyqırımını və xalqımıza qarşı erməni vandalizmini və vəhşiliklərini əks etdirən fotoşəkillər, videoyazılar, mümkün olan bütün sübutlar nümayiş etdirilsin, qonaqlara təqdim olunsun.

O, ermənilərin, Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdə törətdikləri vəhşilikləri, azərbaycanlılara verdikləri işgəncələri, doğma yurd-yuvalarından zorla qovulmuş qaçqınların və didərgin düşmüş məcburi köçkünlərin acınacaqlı və dözülməz vəziyyətini qonaqların diqqətinə çatdırarkən çox qətiyyətlə bildirirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz iqtisadi gücümüzü və ölkəmizin müdafiə potensialını gücləndirməklə öz torpaqlarımızı hərbi yolla işğaldan qurtaracaq, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəcəyik. 

Belə də oldu. 2016-cı ildə başlayan Aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatları nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün torpaqlarımız işğaldan azad olundu.

"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq, tikinti və quruculuq işləri gedir, bütün infrastrukturu ilə birlikdə yeni şəhərlər və qəsəbələr salınır, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Bu, Artur Rasi-zadənin ən böyük arzusu idi və nə yaxşı ki, o, bu arzusuna qovuşur". 

Nazirlər Kabinetinin sektor müdiri onu da bildirib ki, Artur Rasi-zadə həm də nümunəvi ailə başçısıdır: "Qızı Nailə xanımı, onun ailə üzvlərini tanıyanlar onların necə səmimi, sadə, mehriban insan olduqlarını yaxşı bilirlər. 

Artur Rasi-zadə həmişə deyir ki, Ulu Öndər Heydər Əliyevin şagirdidir. Amma bu gün dövlət və hökumət qurumlarında yüksək vəzifə tutan, xalqa və vətənə ləyaqətlə qulluq edənlər arasında Artur müəllimin özünün də şagirdləri az deyil. Sözsüz ki, bu, A.Rasi-zadənin 90 illik həyatında əldə etdiyi ən dəyərli qazancıdır". 

Qeyd edək ki, fevralın 26-da keçmiş Baş nazir Artur Rasi-zadənin 90 yaşı tamam olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, o, "Heydər Əliyev" ordeni ilə təltif olunub. Dövlət başçısı sabiq Baş naziri qəbul edərək "Heydər Əliyev" ordenini ona şəxsən təqdim edib. (Teleqraf) 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO