Ötən axşamdan başlayaraq Şəki-Zaqatala bölgəsinə növbəti dəfə qar yağıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qar yağacağı ilə bağlı xəbərdarlıqı ötən gündən verilmişdi. Qar daha çox Qəbələ və Oğuz rayonlarının yüksək dağlıq ərazilərində müşahidə edilir.
Belə ki, Qəbələnin Laza və Duruca, Oğuzun Filfilli, Baş Daşağıl kəndlərində qarın qalınlığı 50-70 sm arasında dəyişir.
Şəki və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərində isə qarın qalınlığı 30-40 sm-ə çatır. Bu rayonlardan ən çox qar Qaxın Sarıbaş və Tövlatala yaşayış məntəqələrində qeydə alınıb.
Sakinlərin sözlərinə görə burada qarın qalınlığı 50-60 sm civarındadır.
Bölgənin əksər avtomobil yollarında hərəkətdə problem qeydə alınmayıb. Sadəcə səhər saatlarında adıçəkilən yaşayış məntəqələrinə gedən yolllarda bir müddət maşınlar işləməyib.
Xüsusən şinləri qışa hazır olmayan nəqliyyat vasitələri yollarda qalıb. Lakin NİVA və bu kimi avtomobillərin hərəkətində problem yaşanmayıb.
Qeyd edək ki, hərəkətin tənzimlənməsi üçün işlər görülür.
Bu saatlara bölgə rayonlarında elektrik və mavi yanacağın verilməsində məhdudiyyət olmayıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu