Bildiyimiz kimi, hazırda qış fəsli olduğu üçün soyuq hava müşahidə olunur. Əlbəttə, soyuq hava bəzi xəstəliklərə səbəb ola bilir, ancaq bir çox insan soyuğun gözə zərərlərindən xəbərsizdir. Bu zərərlərdən biri də qlaukuma xəstəliyidir.
Qlaukuma xəstəliyi nədir?
Qlaukoma xəstəliyi yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralmasıdır. Bu, müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir.
Bizim.Media-ya açıqlama verən oftolmoloq Kəmalə Mustafayeva bildirib ki, qlaukuma, el arasında “qarasu” adlanan və soyuğun səbəb ola biləcəyi göz xəstəliklərindən biridir.
Həkim soyuğun nə üçün qlaukuma yarada biləcəyi barədə danışıb:
“Soyuq hava gözdaxili təzyiqi bir neçə mexanizm üzərindən artıra bilər. Bunlardan birincisi, damarların dartılması nəticəsində gözdaxili təzyiqin artmasıdır. Belə ki, soyuq hava zamanı damarlar daralır. Nəticədə gözdaxili təzyiqin tənzimlənməsi prosesi çətinləşərək qlaukuma riski artır”.
Oftolmoloq ikinci səbəb olaraq qeyd edib ki, göz soyuq havaya məruz qalan zaman gözdaxili mayenin drenajı çətinləşir, bununla da gözdaxili təzyiq yüksəlir:
“Digər məqam isə qan axının azalmasıdır. Soyuq hava göz sinirlərini qidalandıran damarların qan axınını azaldır, bununla da optik sinirə, yəni, görmə sinirinə kifayət qədər oksigen və qidalı maddələr çatmır. Bu da görmə sinirinin zədələnməsinə, qlaukumanın yaranmasına səbəb olur”.
Müsahibimiz açıqlamasında bəzi xəbərdarlıqlar da edib:
“Qlaukuma xəstəsi olmasa belə, soyuq havanın təsiri nəticəsində görmə sinirinə gələn qan miqdarı azaldığı üçün bu həmin sinirin zədələnməsini sürətləndirə bilər. Buna görə də qlaukumaya meyilli olan şəxslərin gözlərini soyuq havadan qoruması və davamlı olaraq göz müayinələrindən keçməsi məsləhətlidir”.
Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin hesabatında qeyd olunub ki, dünyada 80 milyondan çox insan qlaukomadan əziyyət çəkir. 2040-ci ilə qədər dünya üzrə 111 milyondan artıq insan qlaukomadan əziyyət çəkəcək. Onlardan isə 7-8 milyon insanın hər iki gözdən kor olması gözlənilir.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:20 / 01.03.2025
Soyuğun səbəb olduğu, korluğa aparan xəstəliklə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Soyuğun səbəb olduğu, korluğa aparan xəstəliklə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Soyuğun səbəb olduğu, korluğa aparan xəstəliklə bağlı XƏBƏRDARLIQ
236997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.