Azərbaycanda hansı universitet adına uyğun fəaliyyət göstərmir? – ARAŞDIRMA

Azərbaycanda hansı universitet adına uyğun fəaliyyət göstərmir? – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda hansı universitet adına uyğun fəaliyyət göstərmir? – ARAŞDIRMA

236305

Azərbaycanda ali təhsil müəssisələrinin bəzisi institut, bəzisi universitet və ya akademiya kimi fəaliyyət göstərir.

İnstitut daha çox müəyyən bir mövzular üzrə tədqiqatlar aparmaq məqsədilə yaradılır.

Azərbaycanda da elmi tədqiqatla məşğul olan bir neçə institut mövcuddur. Bəzi ölkələrdə isə institutlar universitetlərin bir hissəsi olmaqla fəaliyyətini davam etdirirlər.

Akademiya isə müəyyən sahə üzrə ali və əlavə təhsil proqramlarını həyata keçirən və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Yəni akademiyada elmi tədqiqatlara böyük üstünlük verilir, fəaliyyətində təhsildən çox tədqiqat yer tutur.

Elə ötən həftə bu məsələyə toxunan elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib ki, qurumlara "universitet", "akademiya", "institut" kimi adların verilməsinə yenidən baxmalıyıq.

"Azərbaycanın bəzi ali təhsil müəssisələri çox spesifik, ixtisaslı fəaliyyət göstərir. Bir qurumun adını "institut"dan dəyişib "universitet" edəndə ölkədə elm inkişaf etmiş olmur", - nazir bildirib.

Bəs Azərbaycandakı ali təhsil müəssisələrinin fəaliyyəti adlarına uyğundurmu?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Nadir İsrafilov deyib ki, təhsilimiz müxtəlif təsirlərin "laboratoriya mərkəzi"nə çevrilib:

“Bu müddət ərzində “hazırda Azərbaycan universitetlərinin demək olar ki, əksəriyyətində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajını verməklə, yaranmış vəziyyətin acı mənzərəsinə diqqət çəkənlər də az olmayıb. Belə çıxırdı ki, təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə” çevrilib. Belə çıxır ki, bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı, həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqatlar aparan institutlarımız universitetlərə çevrildikdən sonra, loru dildə desək, Əli aşından da olub, Vəli aşından da".

O bildirib ki, əvvəllər anlayışa uyğun mahiyyət fərqi də vardı:

"Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə nəyə görə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməməyimiz sualı bu günümüzdə də aktuallığını saxlamaqdadır.

Çox da uzaq olmayan bir vaxtlar alış-veriş etmək üçün ixtisaslaşmış mağazalar və bir də univermaq adlanan ictimai iaşə obyektləri olduğu kimi, ali təhsil almaq üçün də institutlar, bir də universitet fəaliyyət göstərirdi. Ayrı-ayrı mağazalarda təyinatına uyğun olaraq ərzaq, ya da sənaye və ya təsərrüfat malları satılardı. Univermaqlar isə universallığı ilə seçilərdi.

Eyni prinsiplər təhsil müəssisələrinə də şamil edilirdi. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşıyırdı.

Bəlkə də Sovet dövründə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı. Sadəcə olaraq, o dövrün Pedaqoji İnstitutunun buraxdığı müəllim kadrları ilə indiki müvafiq profilli universitetlərin kadrlarını müqayisə edin".

Ekspert dünya təcrübəsində hələ də məşhur institutların elə institut kimi də fəaliyyət göstərdiklərini qeyd edib:

"Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə, dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu, Tbilisi Dövlət İdarəetmə institutu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəaliyyətini davam etdirir.

Norveçdə 6 universitet olduğu halda, 25 institut mövcuddur. Qonşu Gürcüstanda isə 26 dövlət ali məktəbindən yalnız 8-i universitetdir.

Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır. 1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakültələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib. Daim ən nüfuzlu reytinqlərin "onluğunda” birincilər sırasında qərarlaşan, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanır".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO