Professor Nizaməddin Şəmsizadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun qızı Ayfər Nizaməddinqızı məlumat verib.
Qeyd edək ki, Nizaməddin Şəmsizadə bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona sepsis diaqnozu qoyublar. Yanvarın 23-dən o, süni nəfəs aparatına qoşulub.
Xatırladaq ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubada anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini 1977-ci ildə bitirib. 1978-1990-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş lobarant (1978), kiçik elmi işçi (1981), baş elmi işçi (1986) kimi elmi fəaliyyət göstərib. 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.
1985-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki AYB) üzvü olub. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi pedoqoji fəaliyyətini davam etdirib: müsabiqə yolu ilə baş müəllim (1990), dosent (1991),professor (1992) seçilib. 1991-ci ildən 2006-ci ilin sentyabr ayınadək “Ədəbiyyat və dillər”, “Ədəbiyyat və Azərbaycan dili” və “Ədəbi yaradıcılıq” kafedralarının müdiri vəzifəsində işləyib.
2002-ci ildə Tiflisdə Qafqaz Xalqları Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Elmi xidmətlərinə görə akademik Y.Məmmədəliyev mükafatının (2003) laureatıdır. "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”(müştərək) kitabına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb.
2019-cu ildə isə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Bizim.Media