Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu bu gün xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan "Azərtac"ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması, 4 nəfərin isə yaralanması ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda deyilir:
Baş verən bu hadisə Ermənistanın vaxtilə işğal altında saxladıqları ərazilərimizə basdırılan minaların xəritələrinin açıqlanmasından imtina etmələrinin, bununla yanaşı Ermənistan ordusunun həmin əraziləri tərk edərkən mülki ərazilərə işarələnməmiş minaları basdırmasının, son günlərə qədər kəşfiyyat qrupları vasitəsilə yeni minaların basdırılmasına cəhd etməsinin nəticələrindən biridir.
MÖVZU İLƏ BAĞLI:
Jurnalistlərdən xarici media qurumlarına MÜRACİƏT
Bu onu göstərir ki, Ermənistan tərəfi daha çox insan tələfatına yol açmaqda və regionda yeni münaqişə ocaqlarının yaradılmasında maraqlıdır.
Ermənistan beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, xüsusilə 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmağa davam edir, minaladığı ərazilərimizin xəritəsini verməməklə hərbi cinayət əməlləri törədir.
Bu hadisə peşə fəaliyyətini həyata keçirən media nümayəndələrinə edilən açıq terror aktıdır.
Tərkibində 743 təşkilatı birləşdirən Azərbaycan Milli QHT Forumu, Ermənistanın bu vandalizmini pisləyir, beynəlxalq təşkilatlara, media təsisatlarına, jurnalist hüquqlarını müdafiə edən qurumlara müraciət edərək, onları Ermənistanın bu hərbi cinayət əməllərinə qəti şəkildə etiraz etməyə, minalanmış ərazilərin xəritəsini dərhal Azərbaycana təqdim edilməsini Ermənistandan tələb etməyə çağırır”.
Bizim.Media