Rəsul Rzanın ev-muzeyinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Rəsul Rzanın ev-muzeyinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Rəsul Rzanın ev-muzeyinin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

235369

Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası illərdir ki, həllini tapmır.

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev məsələni gündəmə aktuallaşdıraraq, muzeydə təmir-bərpa işlərinə hələ də başlanılmadığını xatırladıb. Halbuki ölkə başçısı 2022-ci il iyunun 23-də Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Hətta yeni yaradılacaq muzeylə bağlı Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi də aparılıb. Amma məsələ reallaşmır.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, hal-hazırda muzeydə ailə tərəfindən təmir işləri aparılır. Təmir işləri bitdikdən sonra muzeyin ekspozisiyasının qurulması nəzərdə tutulur:
 

“Azərbaycanın Xalq şairi Rəsul Rzanın və həyat yoldaşı Xalq şairəsi Nigar Rəfibəylinin Bakı şəhərində yaşadığı evdə yaradılan muzeydə nümayiş olunacaq əşyaların yoxlanılması və siyahısının hazırlanması məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən müvafiq işlər aparılıb. Mənzildə mövcud olan ümumilikdə 5113  əşya, o cümlədən mebellər, rəsm əsərləri, heykəllər, kitablar, şəxsi sənədlər, fotolar və əlyazmalar siyahıya alınıb.


Muzeyin təsdiq olunan ştat cədvəlinə əsasən direktor, baş fond mühafizi, kiçik elmi işçi, bələdçi, muzey baxıcısı və xadimə olmaqla ümumilikdə 5.5 ştat vahidi ayrılıb. Muzeyin direktoru vəzifəsinə Rzayeva Fidan Adil qızı təyin edilib” –deyə nazirlikdən bildirildi.

Açıqlamada o da qeyd olunub ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Rəsul Rzanın ev muzeyi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin balansına verilib.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO