Son zamanlar kartla alış-veriş edənlərin sayı xeyli artıb. Mərkəzi Bankın 2024-cü ilin avqust ayının sonu ilə bağlı açıqladığı göstəricilər əsasında apardığı təhlilə görə, ölkədə istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb. Bu da o deməkdir ki, son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5% və ya 2,9 milyon ədəd artıb.
Xatırladaq ki, 2023-cü ilin sonunda ölkədə istifadədə olan ödəniş kartlarının sayı 16,9 milyon təşkil edirdi və bu, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 24,2% və ya 3,29 milyon ədəd çox idi.
MÖVZU İLƏ BAĞLI:
Nağdsız ödənişlərin həcmi 1,5 dəfə artıb - MƏBLƏĞLƏR
Biraz da əvvələ getsək görərik ki, 2020-ci ilin yekununda Azərbaycanda istifadədə olan kartların sayı 9,6 milyon idi və hazırki rəqəmlərlə müqayisədə 2 dəfəyə yaxın azlıq təşkil edirdi.
Bəs, kartla alış-veriş edənlərin sayının artmasının səbəbi nədir?
İqtisadçılar hesab edir ki, bu sırf mənfəət və rahatlıq məsələsidir. İnsanlar üzərlərində çox pul gəzdirməkdən ehtiyatlanaraq karta üstünlük verirlər. Üstəlik, kartla alış-veriş əlavə qazanclar vəd edir.
Amma bəzi mütəxəssislər belə düşünür ki, bu psixoloji məsələdir. Araşdırmalar göstərir ki, kredit kartı istifadə edənlər, nağd pul istifadə edənlərə nisbətən 25-30% daha çox xərcləyirlər.
Bu da o deməkdir ki, kartla alış-veriş etməyin insanın pul xərcləmə həvəsinə ciddi təsiri var. Səbəb sadədir. Nağd pul istifadə edərkən hər dəfə pul xərclədikdə, fiziki olaraq pulun əllərindən çıxması insanlara itki hissi yaradır, bu da xərclərin azaldılmasına səbəb olur. Lakin kredit kartı ilə alış-veriş etdikdə, bu hiss olmur. İnsanlar kartla ödəniş etdikdə, pulun real olaraq əllərindən çıxdığını hiss etmədikləri üçün daha rahat xərcləyir və alış-verişə daha çox meyl edirlər.
Bəs kartla ödənişin hansı üstünlükləri var?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, kartla alış-veriş etməyin bir sıra üstünlükləri var:
“Məsələn, keşbek anlayışı var. Kartla alış-veriş edərkən həm bonus qazanırsan, həm də pulun bir hissəsi sonradan sənə geri qayıdır. Bu da insanların xoşuna gəlir. Bundan əlavə pulun cibdən düşüb itməsi ehtimalı hər zaman böyükdür. Amma kartı itirərkən telefon vasitəsi ilə blok edirsən və yenisini ala bilirsən. Beləcə heç bir zərərə məruz qalmırsan. Bir sözlə kartla alış-verişin bir çox üstünlükləri var. Ona görə də insanlar kartla bazarlığa daha çox üstünlük verirlər”.
Müsahibimiz kartla alış-verişin həcminin son 5 ildə kəskin artdığını da qeyd edib:
“Azərbaycanda kartla alış-veriş səviyyəsi hələ də çox aşağı səviyyədədir. Amma son illər kartla istifadə halları çoxalıb. Hazırda ümumi ticarət dövriyyəsinin yarısını kartla alış-verişlər təşkil edir. Bu tendensiya pandemiya dövründə sürət aldı.
Elə ölkələr var ki, alış-verişin 95-97 faizi onlayn həyata keçirilir. Məsələn, Avstraliyada, Yeni Zellandiyada kartla ödənişin səviyyəsi 100 faizə yaxındır. Bu da o deməkdir ki, kartdan istifadə daha rahat və əlverişlidir”.
Surxay Atakişiyev, Bizim.Media