Qaxın 1000-dən çox əhalisi olan bu kəndləri hələ bir neçə il də qazsız QALACAQ – Rəsmi/FOTO

Qaxın 1000-dən çox əhalisi olan bu kəndləri hələ bir neçə il də qazsız QALACAQ – Rəsmi/FOTO

Hazırda oxunan: Qaxın 1000-dən çox əhalisi olan bu kəndləri hələ bir neçə il də qazsız QALACAQ – Rəsmi/FOTO

235144

Azərbaycanın turizm rayonu olan Qaxın bir neçə kəndində hələ də təbii qaz problemi var. Bu səbəbdən kənd sakinləri gileylərini dilə gətiriblər.

Bizim.Media-nın yerli bürosuna müraciət edən rayonun İbaxlı və Əmbərçay kəndinin sakinlərinin sözlərinə görə rayonun  bir çox ətraf kəndlərinin qazlaşdırılmasına baxmayaraq sözügedən iki kənddə hələ də mavi qaz problemi yaşanır.

İbaxlı kənd sakini Nəcibə Mustafayeva illərdir belə yaşamaqdan təngə gəldiklərini qeyd edib:

“Kəndimizin sakinləri neçə illərdir ki, mavi qazın olmaması səbəbindən əziyyət çəkir. Yemək bişirmək üçün  ya həyətdə ocaq yandırırıq, ya da ki, mətbəxə maye qaz balonu doldurub qoyuruq. Balon qazının evdə istifadəsi təhlükəli olduğundan çox vaxtı yeməyi 4-5 dərəcə şaxtada həyətdə bişirmək məcburiyyətində qalırıq. Dəfələrlə olub ki, qaz balonundan istifadə zamanı  partlama təhlükəsi ilə üzləşmişik”.


Digər kənd sakini Rafiq Muradov isə qış aylarının sərt keçməsindən və yanacağa pul çatdıra bilməmələrindən şikayətlənib.

O, qaz probleminin onlar üçün artıq xərclərə səbəb olduğunu bildirib:

“Bilirsiniz ki, dağ rayonu olduğundan qış burada daha çox sərt keçir. Evlərimizi isitməkdə çətinlik çəkirik. Qışda bizə 2 və ya 3 yük maşını odun lazım olur. Odununun kubunun qiyməti əl yandırır. Axı bizim o qədər gəlir yerimiz yoxdur ki, bu qədər odun ala bilək. Evdə körpə nəvəm, xəstə həyat yoldaşım var. Məcburam ki, səhərə qədər oyaq qalıb peçə daimi odun qoyam. Hətta bəzən elə olur ki, odun alamağa pul çatdıra bilməyəndə məcbur taxta qırıqlarını zavoddan ucuz qiymətə alıb, gətirib, yandırırıq. Belə olan zaman həmin odunlar maksimum 15 dəqiqə yanıb kül olur. Bu səbəbdən bir əlimiz qalır peçdə...”


Rayonun Əmbərçay kənd sakini Adil Musayev qaz kəmərinin kəndlərinin bir addımlığından keçməsinə baxmayaraq hələ də qazsız qaldıqlarından şikayətlənib. O, ailədə 7 nəfər olduqlarını, ancaq pensiya ilə dolanaraq ailəni saxladığını söyləyib. Bu səbəbdən qış aylarında yanacaq üçün odun almağa imkanları çatmadığını vurğulayıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, regionların qazlaşma prosesi qurumun maliyyə imkanlarından asılı olaraq, mərhələli şəkildə həyata keçirilir.

Sözügedən kəndlərin qazlaşmasına da növbəti mərhələlərdə baxılacaq:

“Hələki cari ilin planına daxil olunmayıb. Ümumilikdə Qax rayonunun qazlaşma səviyyəsi 74, 4 faiz təşkil edir”, - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, İbaxlı və Əmbərçay kəndlərində təxminən 1000-dən çox sakin yaşayır.

Görünən odur ki, İbaxlı və  Əmbərçay kəndinin sakinləri hələ bir neçə il də gözləməli olacaqlar.


Leyla Vəfadarqızı, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO