“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA

“Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA

Hazırda oxunan: “Bəzi universitetlər qəsdən tələbələri kəsir ki, yayda gəlir mənbələri olsun” – ŞOK İDDİA

234741

Azərbaycanda elə unversitet tapmazsan ki, yay məktəbi olmasın.

Dünya praktikasında “Summer School” lar əsasən müəyyən mövzularda bilik və bacarıqları artırmaq, təkmilləşdirmək, dil bilgilərini artırmaq, beynəlxalq əlaqələr qurmaq üçün təşkil olunan qısamüddətli təhsil proqramlarıdır.

Azərbaycanda isə təhsil müəssisələrindəki yay məktəbləri əsasən tələbələrin akademik borclarını ödəmək, fənlərdən daha yüksək qiymət almaqda yardımçı olmaq məqsədiylə yaradılıb. Hərçənd tələbələrin bəziləri bu məktəblərin öz məqsədindən daha çox təhsil müəssisələri üçün qazanc yeri olduğunu iddia edir.

Maraqlıdır, bəs, təhsil ekspertləri bu haqda nə düşünür?

Ekspert Elçin Əfəndinin fikrincə, bu məktəblərlə bağlı ciddi nəzarət olmalıdır:

“Bu prosesdə tələbələrin qış, yaxud yaz sessiyasındakı tədris boyu qazandığı bilik və bacarıqların qiymətləndirilməsi həyata keçirilir. Bu da imtahanla yay prosesində baş tutur. Yəni tələbənin kəsiri yaranırsa, o, 25 faiz ödənişli borcunu təkrar verməlidir. Əgər onu da ödəyə bilməzsə, o zaman artıq yay məktəbinə keçirilir.

Müvafiq olaraq tələbə də o zaman ödəniş həyata keçirməlidir.  Bəzi universitetlər qəsdən tələbələri kəsə bilərlər ki, yayda gəlir mənbələri olsun. Bunu istisna etmirəm. Əlbəttə yaşana bilər. Amma bütün universitetlərə də bunu şamil etmək olmaz. Yaxşı olar ki, Elm və Təhsil Nazirliyinin nəzdindəki uyğun Agentlkdə bu məsələ ilə bağlı ciddi bir nəzarət mexanizmi yaradılsın. Bu prosesə dəqiq və şəffaf nəzarət olsun.
 

Tələbələrin qiymətləri obyektiv yoxlanılsın. Həqiqətən də öz fənni ilə bağlı müvafiq bilikləri özündə əks etdirməyən tələbə varsa, imtahandan keçməyibsə, bu, başqa məsələ. Yox, əgər tələbə suallara cavab veribsə, qarşı tərəf onun kəsilməsində maraqlıdırsa, bu məsələ araşdırılmalı və səhlənkarlığa yol verənlər haqqında inzibati qaydada tədbir görülsün.


Əgər həqiqətən də hansısa  universitetlər bunu kommersiya məqsədi ilə həyata keçirirlərsə, bu, əlbəttə qanunvericiliyin tələbinin pozulmasıdır. Bunu həyata keçirənlər haqqında həm nazirlik, həm də aidiyyatı qurumlar tədbir görməlidirlər”.

“Bu yolla böyük qazanc əldə edirlər”

Təhsil eksperti Elşən Qafarovun fikrincə, yay məktəbləri ali və orta ixtisas təhsil müəssisələrinin əsas qazanc yerlərindən biridir:

“Yay məktəbləri deyilən əslində təhsil kreditlərinin verilməsi ilə bağlıdır. Əvvəllər kəsr dediyimiz, indiki kredit sistemi tələbələrin əlavə ödənişlə kreditlərini ləğv eləmək üçün təkrar imtahana girməsinə gətirib çıxarır.

Bütün ali və orta ixtisas müəssisələri, məktəbləri bu kreditlərlə bağlı böyük qazanc əldə edirlər. Hətta bu, bir çox hallarda tələbələrin kəsirə, yəni kreditə saxlaılnması  dövlət ödənişli təhsil alan tələbələr üçün Tələbə Krediti Fondunun verdiyi tələbə kreditindən istifadəsinə maneələr yaradır. Bu da universitetlərdə müxtəlif neqativ halların yaranmasına gətirib çıxarır. Təbii bu məsələ ilə bağlı bir mexanizm işlənməli, universitetlərin kredit sistemi ilə bağlı əlavə qazanc əldə etməsinin qarşısı alınmalıdır”.
 

Qeyd edək ki, Azərbaycan Texniki Universitetindən ötən il 269, Bakı Dövlət Universitetindən (keçən tədris ilində) 150-dən artıq fənn üzrə 950 bakalavr və 16 magistr yay məktəbində iştirak edib.


Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasından sonra 54 fənn üzrə təşkil olunan yay semеstrində 295, Bakı Slavyan Universitetindən isə 386 tələbə yay semestrinə cəlb olunub.

Azərbaycan Universitetindən də ötən tədris ilində 57 fənn üzrə təşkil olunan yay məktəbinə 126 tələbə qatılıb.

Eləcə də, Azərbaycan Memarlıq və İnşaat, Xəzər, Azərbaycan Dillər Universiteti və digər təhsil ocaqlarında da yay məktəbləri təşkil edilib.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO