Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxılıb.
Əfv olunmaq üçün müraciət edənlərin arasında bəzi tanınmış simaların, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Olun və meyxanaçı Rəşad Dağlının da adının olduğu iddia edilir.
Əjdər Ol və Rəşad Dağlı da əfv üçün müraciət edib?
Məsələ ilə bağlı Əjdər Olun vəkili Teymur Baloğlanlı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirib.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Respublikasnın Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən əfv sərəncamlarının imzalanması humanizm prinsiplərinə əsaslanır və bu qərarlar adətən əlamətdar tarixlərdə və ya xüsusi hadisələrlə əlaqədar qəbul edilir:
“Komissiyanın ilk iclasında 100-dən artıq müraciətə baxıldı və müvafiq qərarlar qəbul edildi. Əfv Komissiyasının vəzifəsi məhkumların özləri, yaxınları və vəkilləri tərəfindən edilən müraciətlərə, eləcə də deputatların, QHT-lərin, Ombudsmanın və vətəndaş cəmiyyətinin digər üzləri tərəfindən qaldırılan vəsadətlərə baxmaqdır. Yüzlərlə ərizə daxil olur. Hər bir ərizə diqqətlə araşdırılır və müvafiq qərarların verilməsi üçün rəylər hazırlanır. Bu ilk iclasımız idi. Amma bu iclaslar davam edəcək”.
Bəs, 2025-ci ildə növbəti növbəti əfv sərəncamı gözlənilirmi?
Nüsahibimiz bildirib ki, bu il “Konstitusiya və Suverenlik İli” elan olunub:
“Düşünürəm ki, bu əlamətdar hadisələrlə bağlı 2025-ci ildə Əfv Sərəncamı ola bilər. Ancaq bu nə vaxt olacaq? Bu suala cavab vermək çətindir. Çünki bu məsələ cənab Prezidentin səlahiyyətlərindədir. Hələlik iclaslarımız davam edir. Keçirilən iclasların, verilən rəylərin nəticəsində daha sonra qərar veriləcək”.
“Komissiyaya tanınmış simalardan da müraciətlər daxil olubmu?” sualımıza cavab olaraq Əliməmməd Nuriyev qeyd edib ki, müraciət edənlərın adının açıqlanması etik baxımdan doğru deyil və komissiya üzvlərinin buna ixtiyarı yoxdur.
Qeyd edək ki, 1995-ci ildən bu günə qədər Azərbaycanda 70 əfv sərəncamı olub. Bu əfv sərəncamlarından 33-ü Ümummilli lider Heydər Əliyev, 37-si isə Prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu əfv sərəncamları bütövlükdə 10 mindən artıq məhkuma şamil edilib.
Xatırladaq ki, Əjdər Ol Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinib. O, 2022-ci ilin aprelində 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2022-ci ilin iyulunda isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 8 il 3 aya endirilib.
Rəşad Dağlı isə 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilinərək, 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Surxay Atakişiyev, Bizim.Media