Köçəryan Ağdamın işğalını detalları ilə ETİRAF ETDİ

Köçəryan Ağdamın işğalını detalları ilə ETİRAF ETDİ

Hazırda oxunan: Köçəryan Ağdamın işğalını detalları ilə ETİRAF ETDİ

234037

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan öz xatirələrində Azərbaycan torpaqlarının necə işğal edildiyini, beynəlxalq təzyiqləri azaltmaq üçün hansı hiylələrə əl atdıqlarını və işğalın məqsədli şəkildə genişləndirildiyini açıq şəkildə etiraf edib.

Bizim.Media musavat.com saytına istinadən xəbər verir ki, onun "Həyat və azadlıq" adlı xatirə kitabında yazdıqlarından aydın olur ki, Ermənistan hökuməti Kəlbəcər işğal edildikdən sonra beynəlxalq təzyiqlə üzləşdiyi üçün diqqəti yayındırmaq məqsədilə Ağdamı da işğal etmək qərarına gəlib.

Köçəryan bildirir ki, Ağdamın işğalı Kəlbəcəri “arxa plana keçirmək” üçün həyata keçirilib. Onun sözlərinə görə, 1993-cü ilin iyul ayında Ağdama hücum planı Ermənistan hökumətindən gizlədilib və əməliyyat yalnız Qarabağdakı separatçı rəhbərlik tərəfindən təşkil olunub.

Kəlbəcərin işğalı və beynəlxalq təzyiqlər

1993-cü ilin aprelində BMT-nin 822 saylı qətnaməsi qəbul edildi. Bu qətnamə Kəlbəcərin işğaldan azad olunmasını tələb edirdi və bu, Ermənistan üzərində ciddi beynəlxalq təzyiqlər yaratmışdı. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan və Rusiya prezidenti Boris Yeltsin də Kəlbəcərin qaytarılmasını tələb edirdi.

Köçəryan etiraf edir ki, Ermənistanın həm hökumət, həm də Rusiya tərəfindən Kəlbəcəri qaytarmağa məcbur edilməsi separatçı rejimi çıxılmaz vəziyyətə salmışdı. Bu səbəbdən onlar Kəlbəcəri saxlamaq üçün diqqəti yayındırmaq qərarına gəldilər və Ağdama hücum etdilər.

Ağdamın işğal planı: erməni riyakarlığının etirafı

Köçəryanın dediklərinə əsasən, Ağdama hücum iyulun ortalarında başladı. Ermənistan hökumətindən gizli şəkildə həyata keçirilən əməliyyatda məqsəd şəhəri tamamilə boşaltmaq idi. Şəhər əvvəlcə cənub və şimaldan mühasirəyə alındı, sonra isə ermənilər əhaliyə xəbər göndərdilər ki, yaxın günlərdə hücum olacaq. Bu, yerli əhalidə təşviş yaratdı və şəhər sürətlə boşaldı. İyulun 23-də isə erməni qoşunları Ağdama daxil oldu.

Köçəryan qeyd edir ki, Ağdam işğal ediləndən sonra Ermənistan hökumətinə 2 gün yalan məlumat veriblər. O dövrdə Ermənistan parlamentinin sədri Babken Ararktsyan və digər rəsmilər dəfələrlə Ağdamda nə baş verdiyini soruşublar, lakin Köçəryan və komandası şəhəri ələ keçirdiklərini gizlədiblər.

Köçəryan yazır: “Babken Ararktsyan mənə zəng edib əsəbi halda soruşurdu: “Qulaq as, bilmək istəyirəm, orada nə baş verir? Azərbaycan qəzetləri yazır ki, erməni separatçıları Ağdamı tutublar. Siz indi haradasınız?” Ona yalan danışdım: “Yox, elə bir şey baş verməyib, sadəcə bir-iki təpəni tutub şəhəri müşahidə edirik. Nəyə görəsə camaat Ağdamı tərk edir”.

Bu açıqlamalar erməni işğalçı siyasətinin hiyləgərliyini və beynəlxalq ictimaiyyəti aldatmaq üçün tətbiq etdikləri manipulyasiya taktikasını açıq şəkildə sübut edir.

İşğal dalğası: Ağdamdan Füzuliyə, Cəbrayıldan Zəngilana

Köçəryan Ağdam işğal edildikdən sonra Azərbaycan tərəfinin rus vasitəçi Kazimirov vasitəsilə onlardan əməliyyatları dayandırmağı xahiş etdiyini bildirir.

İyulun 25-dən 28-nə kimi atəşkəs elan edildi, lakin sonradan Ağdamın işğalı BMT-nin 853 saylı qətnaməsinin qəbul edilməsinə səbəb oldu.

Lakin Ermənistanın işğalçılıq hərisliyi bununla dayanmadı. Ağdamın ardınca Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Horadiz də işğal edildi. Köçəryan etiraf edir ki, erməni qüvvələri bu rayonlara hücum edərkən, əsasən, ələ keçirdikləri Azərbaycan silahlarından istifadə edirdilər.

O, yazır: “Hər dəfə tutduğumuz rayonlardan qalan silahlarla növbəti kəndlərə, rayonlara hücum edirdik. Əhali panikaya düşüb özləri kəndləri, şəhərləri tərk edirdilər”.

Bütün işğalçılıq planı sənədləşib – Ermənistanın təcavüzkar siyasətinə sübut

Köçəryanın öz kitabında açıq şəkildə etiraf etdiyi bu faktlar Ermənistanın işğalçılıq siyasətinin əyani sübutudur. Onun dedikləri göstərir ki, işğallar beynəlxalq təzyiqləri yayındırmaq üçün ardıcıl şəkildə həyata keçirilib və Ermənistan hökuməti belə, bu proseslərə tam nəzarət edə bilmirdi.

Azərbaycan 2020-ci ildə Qarabağı işğaldan azad edərək, bu planları alt-üst etdi və regionda yeni reallıq yaratdı. Ermənistanın bu cür siyasəti isə regionda sabitliyi pozmaqdan başqa heç bir nəticə vermədi.

Bu gün Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib və Qarabağda quruculuq işləri aparır. Ermənistan isə hələ də işğalçılıq siyasətinin ağır nəticələrini yaşamağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO