“Piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrinin sayı ümumi qəzaların 41,1 faizini təşkil edib. Təəsüflə qeyd etməliyik ki, davamlı olaraq edilən xəbərdarlıqlara, aparılan təğlibat işlərinə baxmayaraq hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevirir”.
Bu açıqlamanı Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib. Onun sözlərinə görə yola saldığımız 2024 -cü il ərzində qəzalarda 329 piyada həlak olub, 295 piyada isə yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda ağır QƏZA: Piyada son anda xilas oldu – ANBAAN VİDEO
Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi əhaliyə müraciət edərək bir daha piyadaları yolu keçərkən diqqətli olmağa çağırıb:
“O cümlədən telefon və.s bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, xüsusilə də azyaşlı uşaqlarla yolu keçən zaman təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti təhlükəsizliyi hər kəsin məsuliyyətidir. Piyadalar və sürücülər qarşılıqlı hörmətlə davransalar, bu qəzaların qarşısını almaq mümkün olar.”
Aygün Hüseyn, Bizim.Media