Fevral ayının birindən çörəyin qiyməti artıb. Belə ki, marketlərdə 55 qəpiyə satılan standart zavod çörəyi alıcılara 65 qəpiyə təklif olunur. Bəzi çörək istehsal edən şirkətlər mətbuata açıqlamalarında çörəyin qiyməti ilə bərabər çəkisinin də artdığını iddia edirlər. Yəni 55 qəpiyə satılan zavod çörəyinin çəkisi 510 qram idisa, indi çəki 620 qrama qaldırılıb. Bir sözlə, ərzaq bazarına ağır çəkili və 10 qəpik baha qiymətə satılan yeni çeşiddə çörək çıxarılıb.
Bəs, ümumiyyətlə, indiki halda çörəyin qiymətinin artırılmasına ehtiyac var idimi? Bu hansı səbəbdən baş verə bilər?
MÖVZU İLƏ BAĞLI:
Son illərin TRENDİ - Şəkər və çörəkdən imtina hamı üçün faydalıdır?
Mövzuyla bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırda çörəyin qiymətinin bahalaşması üçün heç bir iqtisadi faktor mövcud deyil:
“Çünki dünya bazarında buğdanın qiyməti ucuzlaşmaya meyillidir, artıq ərzaq buğdasının qiyməti təxminin 200-210 dollar civarındadır. Halbuki biz 2022-ci ildə bu qiymətlərin 340-350 dollar civarında olduğunu müşahidə etmişdik. Yəni bu iki il ərzində buğdanın qiyməti 350 dollardan 200 dollara qədər düşüb, 150 dollar ucuzlaşıb. Amma təəssüflər olsun ki, Azərbaycanda çörəyin qiyməti bahalaşıb”.
Ekspert sözügedən durumu rəqabət mühitinin olmaması ilə əlaqələndirib:
“Əgər olsa idi, onlar başqa variantlar, məsələn, çörəyin keyfiyyətini yüksəltmək, yeni çeşidlər təqdim etməyi sınayardılar. Yəni ənənəvi çörəyə dəymədən yeni texnologiya ilə yeni çeşiddə məhsul ortaya qoyub, baha sata bilərdilər.
İndi çörək bazarında qara çörək demək olar ki, yoxdur və ya çox azdır. Amma qara çörəyə tələbat böyükdür, lakin sahibkarlar ağ unu rəngləyərək saxta qara çörək hazırlayırlar. Sahibkarlar təbii qara çörək hazırlayıb müştərilərə təqdim edə bilər və bu yolla əlavə mənfəət əldə edə bilərlər. Marketinq tədqiqatları aparsalar, mənfəətin artırılmasının yüzdən çox yoluna xitab edərlər. Qiymət artırmaq ən primitiv yoldur”
Günay Şahmar, Bizim.Media