Xəbər verdiyimiz kimi dünyanın ən məşhur qida markalarından biri olan "Lay's Potato Chips" məhsullarını geri çağırmaq qərarına gəlib. ABŞ Qida və Dərman İdarəsi (FDA) “Lay's” çipslərində etiketsiz süd inqrediyentlərinin olması səbəbindən ölümcül allergik reaksiya riski yaratdığını bildirib.
Bu isə o deməkdir ki, brendin məhsulları “həyat üçün təhlükə yaradan” allergik reaksiyalara səbəb ola bilər.
MÖVZU İLƏ BAĞLI:
“Çips ürək xəstəliklərinə, xərçəngə yol açır” – XƏBƏRDARLIQ
Həmin məhsullar Azərbaycana da idxal edilib?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib:
“"Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür”.
“İnsanlar “Lay's” çipslərindən uzaq durmalıdırlar”
Məsələ ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, problem müəyyən partiya mallarda üzə çıxıb:
“Lakin istehlakçı hüquqlarını qoruyan Beynəlxalq təşkilatın ölkəmizdəki nümayəndəsi olan Azad İstehlakçılar İB bildirir ki, “Lay's” çipsləri istehlakçılar üçün zərərlidir. Bu məhsulun tərkibində asılılıq yaradan və bəzi xəstəliklərin törədicisi olan maddələr var. Neçə illərdir ki, istehlakçı hüquqlarını qoruyan beynəlxalaq təşkilatlar mübarizə aparır ki, insanlar zərərli “Lay's” çipslərindən uzaq olsunlar”.
Müsahibimiz bu cür dünya brendlərinin böyük vergi ödəyicisi olduqlarına görə onlarla mübarizə aparmağın çox çətin olduğunu söyləyib:
““Lay's” çipslərinin Azərbaycandakı nümayəndələri bizdə iri vergi ödəyicisidir. Belə iri vergi ödəyicisininsə bu və digər səbəbdən ölkədən çıxarılmasında heç kim maraqlı deyil. Azad İstehlakçılar birliyi olaraq bəyan edirik ki, ayrı-ayrı partiyalar yox, bütün satılan cipsilər insan sağlamlığı üçün zərərlidir. Yaxşı olar ki, insanlar özləri bu məhsullardan uzaq dursunlar.
Təəssüflə deməliyəm ki, ən zərərli qida məhsulları ölkəmizdə asanlıqla realizə edilir. Tək bir faktı deyim ki, dünyanın ən nəhəng KFC restoranı Azərbaycandadır. Bu nəhəng restoran Sabunçu rayonundadır”.
Surxay Atakişiyev, Bizim.Media