Xırdalan və Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

Xırdalan və Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

Hazırda oxunan: Xırdalan və Sumqayıt sakinlərinə ŞAD XƏBƏR

232608

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Dövlət Proqramında yaxın 5 ildə Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün görüləcək işlərin siyahısı da öz əksini tapıb. Həmin tədbirlər planında qeyd edilir ki, 2025-2030-cu illərdə Abşeron yarımadasında 30-a yaxın yeni yol tikiləcək, yenidən qurulacaq və genişləndiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda hər 1000 nəfərə neçə avtomobil düşür?


Bakının dairəvi yolları yaradılacaq

Dövlət Proqramına görə icra ediləcək layihələrdən biri Bilgəh−Novxanı−Xırdalan (M-1 Bakı−Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 16-cı km) Şamaxı (M-4 Bakı−Şamaxı yolunun 18- ci km) avtomobil yolunun tikintisidir. Nəzərə alaq ki, bu layihənin icrasına 15 il əvvəl başlanılsa da, sonradan yarımçıq qaldı.

O zaman Mərdəkan-Bilgəh-Pirşağı yolu yenidən ən müasir tələblər səviyyəsində tikildi. Lakin tikinti işləri Pirşağıdan Novxanıya gedən istiqamətdə yarımçıq qaldı. Eyni zamanda Novxanı-Xırdalan yolu da yarımçıq istifadəyə verildi. Halbuki, bu yol təkcə Bakının yox, həm də Sumqayıtın nəqliyyat yükünü xeyli azalda bilər.

Daha bir maraqlı layihə isə Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirən dairəvi avtomobil yolunun layihələndirilməsi və tikintisidir. Hazırda Sabunçu-Balaxanı- Binəqədi yolu var. Amma yolun ikitərəfli və ensiz olması iritonajlı avtomobillər üçün o qədər də sərfəli deyil. Sabunçu-Sulutəpə yolu tikiləndən sonra Ələtdən və Şamaxıdan gələn avtomobillər Bakıya girmədən Heydər Əliyev Hava Limanına və ona yaxın ərazilərə rahatlıqla hərəkət edə biləcək.

Hazırda Bakı dairəvi-1 avtomobil yolundan Ziya Bünyadov prospektinə birbaşa çıxış yoxdur. Ona görə də həm Tbilisi, həm Moskva, həm də bu ərazilərdə davamlı tıxac olur. Dövlət Proqramında bu məsələ də diqqətə alınıb. Belə ki, yaxın illərdə Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirən dairəvi avtomobil yolunun tikintisi aparılacaq. Bu yol istifadəyə veriləndən sonra Yasamal rayonu ərazisində tıxaclar xeyli azalacaq və hərəkət intensivliyi təmin ediləcək.

Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti istiqamətində yeni avtomobil yolunun tikintisi də xeyli maraqlıdır. Çünki Bakıya giriş-çıxışda ən çox tıxacın olduğu ikinci ərazi Binəqədi-Rəsulzadə yoludur. Hazırki yolun dar və ikizolaqlı olması ciddi əngəllər yaradır. Bu mənada Mehdiabad−Baksol−Ziya Bünyadov prospekti yeni avtomobil yolunu Binəqədi şosesi ilə əlaqələndirən avtomobil yolunun tikintisi çox vacibdir.

Dövlət Proqramına əsasən uzun illər tikintisi yarımçıq qalan daha bir yolun tikintisi 2030-cu ilə qədər başa çatdırılacaq. Bu Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası avtomobil yolunun Akademik Həsən Əliyev küçəsi−Müzəffər Nərimanov küçəsinədək olan hissəsidir. Artıq bu istiqamətdə işlərə başlanılıb. “Keşlə bazarı”nın sökülməsindən sonra ərazidə yeni yol tikiləcək.

Yeni yol qovşaqları və tunellər tikiləcək

Dövlət Proqramına əsasən şəhərdə nəqliyyatın intensive hərəkətini təmin etmək üçün də müxtəlif layihələr icra olunacaq.

Məsələn, Xəqani Rüstəmov küçəsi ilə Ağa Neymətulla küçəsini əlaqələndirən avtomobil yolunun tikintisi, Yusif Səfərov küçəsi və Babək prospekti ilə Əhmədbəy Ağaoğlu küçəsi və Xətai prospektini birləşdirəcək yol ötürücülərinin tikintisi, Məhəmməd Xiyabani küçəsinin xarici dairəvi avtomobil yolu ilə kəsişməsində tunel tipli yol ötürücüsünün, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının və Qaradağ rayonu istiqamətində keçid üçün yeni yan yolun tikintisi, Tbilisi prospekti−Akademik Həsən Əliyev−Şəfayət Mehdiyev küçələrinin kəsişməsində yol qovşağının tikintisi, 20 Yanvar yol qovşağının təkmilləşdirilməsi, Ə.Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçidin təkmilləşdirilməsi və Mir Cəlal küçəsindən Biləcəri qəsəbəsi istiqamətində avtomobil yolunun tikintisi avtomobillərin rahat hərəkətinə imkan verəcək.

Xırdalan sakinlərinin də üzü güləcək

Dövlət Proqramında bütövlükdə Abşeron yarımadasında nəqliyyatın intensiv hərəkəti üçün xeyli maraqlı layihələrin icrası var.

Məsələn, M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsünün tikintisi, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi təkcə Bakının yox, həm də Xırdalan şəhərinə giriş-çıxışı xeyli asanlaşdırcaq.

Məlumdur ki, hazırda Xırdalan şəhərinə girişlərdə bir qayda olaraq tıxaclar olur. Məhz bu 3 layihənin reallaşması hesabına Xırdalan sakinlərin qayğıları xeyli azalacaq.

Bir sözlə, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı yaxın 5 il üçün həm paytaxt, həm Xırdalan, həm də Sumqayıt şəhərinin sakinlərinə çox böyük ümidlər vəd edir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO