Sosial şəbəkələrdə donorluqla bağlı elanların sayı artıb. Diqqət çəkən məqam isə son vaxtlar bunların arasında “qanımı satıram” məzmunlu elanlara tez-tez rast gəlinməsdir.
Maraqlıdır, bəs, sosial şəbəkələr üzərindən qan donoru olmaq qanunidirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı qanunda hər hansı cəza mexanizmi nəzərdə tutulmayıb:
“Əgər burada məcburiyyət, təhrikedici amil yoxdursa, bu, cinayət sayılmır. Amma bu, gizlədilən niyyətdir. Tutaq ki, mənim qana ehtiyacım var. Belə bir elan görürəm və zəng edib kiminləsə danışıram. O məbləği verirəm və həmin şəxs gedib könüllü kimi tibb müəssisəsində qan verir. Bu, şəxslə donor arasında gizli sövdələşmədir. Əgər bu məsələ ortalığa çıxarsa, bununla bağlı müvafiq araşdırma başlaya bilər.
Yekunda bunun nəticəsi olaraq, qanunvericilikdə cəza mexanizmi nəzərdə tutulmayıb. Ona görə də məhz polis tərəfindən belə elanlar aşkar edilərsə, yaxud bu haqda polisə məlumat verilərsə, həmin şəxslər polis tərəfindən profilaktik söhbətə cəlb edilə bilər. Onlara izah edə bilər ki, bu, "İnsan orqanlarının donorluğu və transplatasiyası" haqqında Qanunun pozulmasıdır. Ona görə də həmin şəxsləri bu əməldən çəkindirmək lazımdır".
Ekspert hesab edir ki, istənilən halda bu tip davranışlara icazə vermək olmaz:
"Həmin qanunda ümumi donorluqla bağlı məlumatlar var. Qan donorluğu da var. Sadəcə, qanunda bunun pul müqabilində satılmasınının qadağan olunması haqda heç nə yoxdur. Qanın pul müqabilində satılmasına icazə verilir fikri də yoxdur.
Qanını satan adamın belə hərəkəti gələcəkdə daha ciddi fəsadlara və ya ümumi əxlaq prinsiplərinə zidd olaraq digərlərinin də könüllü şəkildə qan verməsinin qarşısının alınmasına yönəlik hərəkət hesab oluna bilər”.
Hüquqşünasın fikrincə, dövlət qurumları belə halların ortaya çıxmaması üçün vaxtaşırı qanvermə aksiyaları keçirməlidir:
“Məsələn, bəzi dövlət qurumları müəyyən dövrlərdə kütləvi qanvermə aksiyaları təşkil edir. Amma bu aksiyalar daha sıx-sıx keçirilməlidir. Təbliğat olmalıdır. Əks halda vətəndaşlar qan verməyə maraqlı olmurlar.
Məsələn, ötən cümə günü mən məsciddə eşitdim ki, bir tələbənin ciddi şəkildə qana ehtiyacı var. Məscid təşviq elədi ki, o gəncə kömək edilsin. Mən ildə 2-3 dəfə könüllü donorluq edirəm. Bunu özümə mənəvi borc bilirəm. Kiminsə həyatda qalmasına, qanla təmin olunmasına səbəb olduğum üçün məmnun oluram. Eyni zamanda düşünürəm, bu, sağlamlıqdır. Hesab edirəm ki, bu şəkildə təbliğatın aparılması həmin alverin qarşısını alar”.
Sosioloq Mail Yaqubun fikrincə də bu yöndə ciddi təbliğata ehtiyac var:
“Biz insanları xeyriyyəçilik etməyə məcbur edə bilmərik. Çünki bu, könüllü olur. Biz yalnız hüquqazidd olan məsələlərdə başqasını qınaya bilərik. Əlbəttə yaxşı olar ki, insanlar qanlarını pulsuz, hədiyyə kimi versinlər. Amma kimsə bunu eləmirsə, ona pis adam da deyə bilmərik. Böyrəyini satan adamlar da bu qəbildəndir. Biri böyrəyini güzəşt edir, bağışlayır, digəri də satır. Satana deyə bilmərik ki, niyə satırsan?!
Halbuki başqasına orqan bağışlamaq gözəldir, Allah qatında savabdır. Bunda ən yaxşı yol cəmiyyətdə fədakarlığı, güzəşti, təmənnasız xidmət etməyi təbliş etməkdir. Biz yaxşı əməlləri yorulmadan, usanmadan təbliğ etməliyik. Bu min il qabaq da belə olub, indi də belədir, min il sonra da belə olacaq.
Bəşər cəmiyyətində buna alturizm deyirlər.
Başqasını təmənnasız sevmək, xidmət etmək, təmənnasız yardım etmək istəyi. Yəni bu ənənələr təbliğ olunmalıdır. Xeyriyyəçi insanlar təşviq edilməlidir, onlara dəyər verilməlidir. Son zamanlar belə insanları sıxma-boğmaya salırlar ki, xeyirdimi?! Pullu çıxmısan, başqasına əl tutursan, filan... Bax, o yanaşmanın olmaması üçün təbliğat aparrılmalıdır, həmin insanlara dəyər verilməlidir, nümunə çəkilməlidir ki, onlar qiymətləndirildiyini hiss etsinlər”.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 28.01.2025
Qanını satmaq qanunla QADAĞANDIR? - FOTO
Hazırda oxunan: Qanını satmaq qanunla QADAĞANDIR? - FOTO
Hazırda oxunan: Qanını satmaq qanunla QADAĞANDIR? - FOTO
231988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.