Azərbaycanda göyərti əkini ilə məşğul olan bölgələrimiz azdır.
Bizim.Media-nın araşdırmasına görə, Azərbaycanda göyərti əkini və satışı ilə ən çox məşğul olan rayonlardan biri Yevlaxdır. Rayonun Nemətabad, Səmədabad və Yeni Çobankərə kəndlərinin əhalisinin 90 faiz göyərti əkini ilə məşğul olur.
Bu kəndlərdə əkilən göyərtilərin əksər hissəsi Azərbaycanın daxili bazarlarına çıxarılır. Çox az hissəsi isə Rusiya bazarlarına yola salınır.
Nemətabad kənd sakini Maarif Eyvazovun sözlərinə görə, göyərti əkini çətin prosesdir və ilin 9 ayı çalışırlar. O söhbət zamanı qeyd edib ki, Yevlax göyərtisi dadına görə başqa bölgələrin göyərtisindən fərqlənir.
“Biz ilin 3 ayı, iyun, iyul və avqust aylarında dincəlirik. Qalan aylarda isə çalışırıq. Kəndimizdə insanlar öz həyətyanı və pay torpaqlarında göyərti əkir. Əkdiyimiz göyərtilər əsasən ölkə ərazisindəki bazarlara çıxır. Böyük sahibkarların əkdikləri isə Rusiya bazarlarına aparılır. Yevlax göyərtisi torpağın duzluluq səviyyəsi çox olduğundan fərqli və dadlı olur. Göyərtilər yanmasın deyə bəzən parniklərdən də istifadə olunur. Bu da sahibkarlar üçün qış aylarında böyük xərc tələb edir”, - deyə kənd sakini vurğulayıb.
Maarif bəyin sözlərinə görə, ən çox satılan göyərtilər göy soğan və şüyüddür.
Məhz ən bahalı olan da bu göyərtilərdir. Əsasən qış aylarında baha satılan göylərdən keşnişin bir dəstəsi 16-20, şüyüdün 25-30 , soğanın 28-30, cəfərinin isə 15-20 qəpikdən başladığını bildirdi. O məhsul Rusiya bazarına çıxarılan zaman isə qiymətlərin 3-5 qəpik olduğunu deyib.
Yevlaxda nə qədər göyərti əkilir?
Mövzu ilə bağlı Yevlax Rayon Dövlət İnkişaf Mərkəzinin müdiri Abbasəli Rüstəmovla da əlaqə saxladıq. Abbasəli müəllim fermerin sözlərini təsdiqləyərək qeyd edib ki, kənd sakinlərinin dolanışığı məhz göy-göyərti əkməklə çıxır:
“Göyərti sadaladığımız kəndlərdə hər hansısa şirkət tərəfindən deyil, pərakəndə şəkildə kənd sakinləri tərəfindən əkilir. Buna görə də, rəsmi şəkildə illik gəliri ortalama faizlə göstərmək mümkün olmur. Bəzi sahibkarlar var ki, 2 hektara yaxına pay torpaqları var ki, bu torpaqdan hektarına 2 tondan artıq məhsul götürə bilir. Amma bu da ilin məhsuldarlığına görə dəyişir”
Söhbət zamanı DAİM-in rəhbəri onu da bildirdi ki, Yevlax göyərtiləri gələcəkdə daha çox xarici ölkə bazarlarına çıxacağına ümid edirlər.
Leyla Vəfadarqızı, Bizim.Media, Mərkəzi Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:20 / 27.01.2025
Azərbaycanın əksər bölgələrinə göyərti bu rayondan GÖNDƏRİLİR – REPORTAJ/FOTO
Hazırda oxunan: Azərbaycanın əksər bölgələrinə göyərti bu rayondan GÖNDƏRİLİR – REPORTAJ/FOTO
Hazırda oxunan: Azərbaycanın əksər bölgələrinə göyərti bu rayondan GÖNDƏRİLİR – REPORTAJ/FOTO
231938
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.