Hər bir şəxs gün ərzində 1,5 ilə 3 litr arasında təmiz su içməlidir. Bu, adətən, hər kiloqram çəki üçün 30 ilə 50 mq arasında dəyişir. Yəni 70 kq çəkisi olan şəxsdə maye qəbulu gün ərzində təxminən 2,5 litrdir.
Bizim.Media xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən klinikanın endokrinoloqu doktor Zuhra Pavlova bildirib.
Həkim bir çoxlarının su qəbulu ilə bağlı yol verdiyi 6 səhvi açıqlayıb.
Beləliklə, Pavlovanın fikrincə, suyu yalnız susayan zaman içmək yalnış addımdır. Belə ki, yaşla əlaqədar olaraq, xüsusən də 50 yaşdan sonra bu mexanizm orqanizmə zərər verə bilər. Yəni bir insan artıq susama mərhələsinə çatırsa, bu, bədəndə maye çatışmazlığından xəbər verir.
Bu isə öz növbəsində yaşı nisbətən artıq olan insanların sağlamlığına ziyandır. Buna görə də su qəbulunu unutmamaq üçün onu müvafiq saata əsasən içmək daha yaxşıdır.
Həkim bildirir ki, kofeinli içkilərdən çox istifadə etmək düzgün deyil. O, qəhvə və çayın bədəndən maye itkisini sürətləndirən və susuzluğa xidmət edən sidikqovucu olduğunu qeyd edir. Odur ki, gün ərzində üç stəkandan artıq qəhvə və ya çay içməmək və hər stəkandan sonra bir stəkan adi su içmək məsləhətdir. Bu, bədəndə su balansını bərpa etməyə kömək edəcəkdir.
Pavlova qeyd edir ki, başqa bir səhv səhərlər su içməməkdir. Günə bir stəkan ilıq su ilə başlamaq sağlamlığa olduqca faydalıdır. Çünki gecə boyu tər və tənəffüs yolu ilə itirilən maye səbəbindən bədən kifayət qədər susuz qalır. Səhərlər acqarına maye çatışmazlığını doldurmaqla, orqanizmin günə daha gümrah başlamasına yardım edirik.
Həmçinin, idmanla məşğul olarkən yetəri miqdarda maye qəbulu şərtdir. Çünki artan fiziki fəaliyyət zamanı bədənin daha çox mayeyə ehtiyacı var. Buna görə hər yarım saatlıq məşq zamanı 200-400 ml su içmək məsləhət görülür. Mayenin həcmi məşqin intensivliyindən və insanın bədən kütləsindən asılıdır.
Endokrinoloq yatmazdan əvvəl və gecə çox su içməməyi məsləhət görür. Belə ki, dolu sidik kisəsi rahat yuxuya mane olur, səhərlər isə şişkinliyə səbəb olur. Həkimin fikrincə axşam saatlarında suyu az-az içmək lazımdır.
Son olaraq isə, susama əlamətlərinə məhəl qoymamağın orqanizmə olduqca zərərli olduğu qeyd edilir. Bunlardan ən birincisi və ən bariz olanı dərinin quruması və sidiyin qaralmasıdır. Daha ağır hallarda isə bədənin həddən artıq susuz qalması əzələ qıcolmalarına və başgicəllənməyə gətirib çıxara bilər.
Endokrinoloq qeyd edib ki, tez-tez sidiyə gedən, böyrək patologiyası, ürək çatışmazlığı və bəzi digər xəstəliklərdən əziyyət çəkən insanlar gündəlik maye həcmi ilə bağlı mütləq həkimlə məsləhətləşməlidirlər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:50 / 25.01.2025
Suyu düzgün İÇİRİKMİ: Maye qəbulunda 6 əsas səhv
Hazırda oxunan: Suyu düzgün İÇİRİKMİ: Maye qəbulunda 6 əsas səhv
Hazırda oxunan: Suyu düzgün İÇİRİKMİ: Maye qəbulunda 6 əsas səhv
231697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.