“Dünyanın hər yerində universitetə qəbul imtahanlarında ən yüksək giriş balı tibb təhsilindədir. Yəni bütün ölkələrdə ən çalışqan və zəkilər həkim olur”.
Bizim.Media “Sfera.az”a istinadən xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, kardioloq Üzeyir Rəhimov deyib. O, ölkədən “beyin köçü” ilə bağlı məsələyə toxunub:
“Son 20 ildə Tibb Universitetindəki oğlan sayı ciddi azalıb, çünki əksəriyyəti Türkiyə Respublikasına və s. gedirlər. Burda oxuyanlar Azərbaycanın ən zəki, amma maddi vəziyət səbəbindən xaricə gedə bilməyənlərdir. Yenə bu qalan hissənin böyük qismi 6 illik tibb təhsilindən sonra qardaş Türkiyəyə və digər ölkələrə üz tuturlar. Ona görə də rezidentura zamanı yetərincə həkim olmur. Rezidenturanı burada bitirmək məcburiyyətində qalanların bir qismi də bütün vasitələrə əl ataraq ölkədən çıxırlar. Yeni nəsil artıq rahat həyat istəyir ki, bu, həkimlikdə heç vaxt olmur. Buna xarici ölkələrə üz tutan övladlarımızın orada əcnəbilərlə ailə həyatı qurub ölkə demoqrafiyasına təsirini də əlavə etsək, faciənin həcmi aydın olar…Başda bu, məni narahat edirdi, ölkəmizə və xalqımıza xidmət edə bilərdilər”.
Kardioloq qeyd edib ki, həkimlik peşəsinin çətinliyi, bütün günü şikayətlə dolu insanları dinləmək, bəzilərini sağalda bilməmək, bəzilərini itirmək, bəzən döyülmək, sosial mediada hər zaman söyülmək və s. kimi məsələlər hər kəsə bəllidir:
“Bununla sizi yormaq istəmirəm. Hər ölən xəstəmlə bir parçam ölüb, günlərcə “daha nə edə bilərdik” sualları ilə içimi yemişəm. Buna rəğmən, yenə də ölkəm üçün bir şeylər etməyə çalışmışam. Bu arada, əksər həkimlərin həkimdən başqa dostu yoxdur və bir araya gəldiklərində də ancaq tibbdən danışırlar. Yəni asosial insanlarıq və həyatımız ortalamadan qısa olur. Bütün bunların üzərinə bir də bir həkimin həbs edilməsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi. Ürək həkimi olduğum üçün çox xəstə itirmişəm, əfsuslar olsun ki, bundan sonra da itirəcəm.
Bütün həkimlərin əlində ağırlaşmalar və ölümlər olacaq. Sonunda bir bəndəyik və nə qədər çalışsaq da, hər kəsi qurtara bilmərik. Buna görə məni həbs etsələr, yəqin ki, ömürlük verməlidirlər. Bu işin sonunda artıq həkimlər çətin və ağır xəstələri almayacaqlar. Bu, ölümlərin artmasına, ömrün qısalmasına səbəb olacaq. Xarici ölkələrə üz tutan həkim sayı daha da artacaq və geri dönməyəcəklər. Onsuz da çətinliyinə görə son zamanlar az seçildiyi üçün və gənclərin rahat həyat istəmələri səbəbiylə universitetlərdəki tələbələrin sayı da azalacaq. Bir sözlə, həkim tapmayacağıq. Papağımızı qabağımıza qoyub son dəfə düşünməliyik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:07 / 25.01.2025
"Ölümlər artacaq, həkim tapılmayacaq" - Kardioloqdan AÇIQLAMA
Hazırda oxunan: "Ölümlər artacaq, həkim tapılmayacaq" - Kardioloqdan AÇIQLAMA
Hazırda oxunan: "Ölümlər artacaq, həkim tapılmayacaq" - Kardioloqdan AÇIQLAMA
231662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.