Uğurlu tibb modelinə necə keçə bilərik? – Cavid Hüseynzadədən TƏKLİFLƏR

Uğurlu tibb modelinə necə keçə bilərik? – Cavid Hüseynzadədən TƏKLİFLƏR

Hazırda oxunan: Uğurlu tibb modelinə necə keçə bilərik? – Cavid Hüseynzadədən TƏKLİFLƏR

231646

“Almaniyada tibbin inkişafı və ən ağır əməliyyatların həyata keçirilməsi həkimlərin hüquqlarını qoruyan güclü bir sistemdən qaynaqlanır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Almaniyanın Bad Salzungen Şəhər Xəstəxanasının Qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə sosial şəbəkə hesabında bildirib. ⠀

Həkim qeyd edib ki, Almaniyada hər bir cərrah əməliyyat zamanı ağırlaşmaların baş verə biləcəyini və bunun bəzən ölümlə nəticələnə biləcəyini bilir. Buna baxmayaraq həkimlər əməliyyatlardan yayınmırlar, çünki həkimlərin hüquqlarını qoruyan möhkəm bir sistem mövcuddur:

Almaniyada bu sistem necə işləyir və hansı hallarda həkim məsuliyyətə cəlb edilə bilər?

1. Həkimlər peşə məsuliyyəti sığortasına (Berufshaftpflichtversicherung) sahib olmaq məcburiyyətindədirlər.

Sığorta məbləği həkimin ixtisasından, risk səviyyəsindən və sığorta müqaviləsinin şərtlərindən asılı olaraq dəyişir. Adətən, sığorta məbləği bir neçə yüz min avrodan bir neçə milyon avroya qədər dəyişir.

Məsələn, tibbi səhv nəticəsində əlavə müalicə xərcləri və mənəvi kompensasiya ödənişləri on minlərlə, hətta yüz minlərlə avroya çata bilər. Bu sistem həkimləri həm maliyyə risklərindən, həm də hüquqi problemlərdən qoruyur.

2. Həkimlər Almaniyada nə zaman həbs oluna bilər?

Almaniyada həkimin həbs olunması üçün tam araşdırma aparılmalı və aşağıdakı halların biri təsdiq edilməlidir:

• Həkim tibbi standartları bilərəkdən pozub;

• Ciddi bir səhvə yol verib ki, bu da birbaşa xəstənin ölümünə və ya ağır nəticələrə səbəb olub;

• Və ya onun hərəkətləri məqsədli olub (məsələn, xəstənin vəziyyətini gizlətmək).

Hətta belə hallarda, qərar çıxana qədər həkim nəzarət altında və ya məhdudiyyətlə işləməyə davam edə bilər.

3. Ədalət və obyektivlik prinsipləri.

Alman hüquq sistemi səhvin olub-olmaması və bu səhvin ölümə səbəb olub-olmadığını müəyyən etməyə çalışır.

Həkimlər, müalicə standartlarına uyğun hərəkət etdiklərini, öncədən xəstəyə baş verə biləcək ağırlaşmalar və bunun bəzən ölümlə nəticələnəcəyi barədə məlumat verdiyi sübuta yetirə bilərlərsə, mühakimə olunmaqdan qorunurlar.

4. Həkimlərin işini təşviq etmək.

Almaniyada həkimlərin hüquqi müdafiəsi olmasa həkimlər çətin əməliyyatlardan qaça bilər və daha az riskli müalicələrə üstünlük verə bilər. Bu, tibbi xidmətin keyfiyyətinin azalmasına səbəb olardı.

5. “Marburger Bund”un rolu

Almaniyada həkimlərin güclü peşəkar dəstəyi var, və bu dəstəyin əsas təşkilatı Marburger Bund-dur. Bu təşkilat:

• Həkimlərin hüquqlarını qoruyur;

• Maaş, iş şəraiti və iş vaxtı məsələlərində danışıqlar aparır;

• Münaqişələr zamanı hüquqi kömək və məsləhət verir;

• Dövlət səviyyəsində həkimlərin maraqlarını müdafiə edir, onları əsassız təqibdən qoruyur.

Belə bir təşkilatın dəstəyi həkimlərə daha rahat işləməyə və öz işlərinə diqqət yetirməyə imkan verir”.

Cavid Hüseynzadənin sözlərinə görə, Almaniyada da mürəkkəb əməliyyatlar nəticəsində xəstələr ölə bilər:

“Amma həkimləri qoruyan bir sistem olduğu üçün onlar öz işlərini qorxusuz yerinə yetirə bilirlər və bu da onların karyeralarını əsassız ittihamlarla məhv etməmələrinə zəmanət verir. Bu, tibb sisteminin inkişafına və müalicə standartlarının yaxşılaşmasına təkan verir, nəticədə xəstələrin etimadı artır”.

Bizim ölkəmizdə nə edilə bilər?

Həkim bu suala cavab olaraq bir sıra mühüm məqamları sadalayıb:

• Həkimlərin hüquqlarını qoruyan peşəkar təşkilatlar, məsələn, Marburger Bund kimi, yaradılmalıdır.

• Tibbi hüquqşünaslar institutu inkişaf etdirilməlidir, beləliklə həkimlər hüquqi məsələlərdə məsləhət alıb qoruna bilərlər.

• Həkimlər üçün peşə məsuliyyətinə dair mütləq sığorta sistemi tətbiq olunmalıdır. Bu, həm həkimləri, həm də xəstələri qoruyar.

• Xəstələr və həkimlər arasında balansı təmin edəcək tədbirlər görülməlidir.

“Belə dəyişikliklər həkimlərin etibarını artırar, çətin hallarda daha da inkişaf etmələrinə imkan verər və tibbi xidmətin keyfiyyətini yüksəldər. Eyni zamanda xəstələr daha keyfiyyətli və təhlükəsiz tibbi yardım alar”, - deyə Cavid Hüseynzadə əlavə edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO