Məlum olduğu kimi 2026-cı ilə qədər məktəbəqədər təhsil sahəsində sertifikasiya prosesinin tətbiqinə başlanılması planlaşdırılır. Bu addım məktəbəqədər təhsildə keyfiyyətə müsbət töhfə verəcək. Üstəlik peşə yararlılığına xidmət etmiş olacaq.
MÖVZU İLƏ BAĞLI:
Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?
Son vaxtlar mediada özəl bağçalarda baş verən neqativ hallarla bağlı məlumatlara rast gəlirik. Gündən-günə sayı artan özəl uşaq bağçalarında çalışanların peşəkarlıq səviyyəsi sual altındadır. Bu baxımdan bu müəssisələrdə çalışan müəllimlərin də sertfikasiyaya cəlb olunması təklif edilir.
Özəl bağçalar necə, bu prosesə cəlb ediləcəkmi? Ediləcəksə, bağçalarda çalışan müəllimlər sertifikasiyadan necə keçiriləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elnarə Akimovanın fikrincə, uşaqlarımıza ən peşəkar müəllimlərin təhsil verməsini istəyiriksə, bu proses bütün təhsil ocaqlarına şamil edilməlidir:
“Əgər sertifikasiyadan keçirilmə haqda qanun varsa, bu, hamıya şamil olunmalıdır. Bunun özəl, yaxud dövlət müəssisəsi olmasının heç bir fərqi yoxdur. Burda söhbət uşaqlara verilən təlim-tərbiyənin mükəmməlliyindən gedir. Bu, birmənalı şəkildə hər qurum üçün təməl vəzifə olmalıdır. Dövlət məktəblərində olan müəllimlərdən sertifikasiya tələb olunursa, özəl məktəblərdəki müəllimlər hansı keyfiyyətinə görə bundan kənar tutulmalıdır? Müəssisənin dövlət və ya özəl olması, sadəcə onun göstəricisidir. Tədrisin, təhsilin keyfiyyətli olması isə hər birinin vəzifəsidir. Bu səbəbdən də bütün müəllimlərin sertifikasıyası mütləq şəkildə aparılmalıdır”.
Özəl tədris müəssisələrinin hansı qurum tərəfindən sertifikasiyaya cəlb edilməsinə gəlincə, deputat bunun vahid bir qurum tərəfindən həyata keçirilməli olduğunu bildirib:
“Məncə, bu məsələlərin hamısını Elm və Təhsil Nazirliyi öz üzərinə götürməlidir. Bu qururma tabe olan və ya olmayan bütün təhsil müəssisələrindəki sertifikasıya məsələləri bir mərkəzdən həyata keçirilməlidir. Özəl müəssisələr nazirliyin tabeliyində olmasa da, dövlətin vahid qurumu - Təhsil Nazirliyi var. Elm və təhsillə bağlı məsuliyyətin yükünü onlar çəkməlidir. Bu qurumda bununla bağlı bir nəzarət mexanizmi rolunu oynayan struktur fəaliyyət göstərməlidir. Əgər belə bir nəzarət olmazsa, belə çıxır ki, hər kəs istədiyi kimi davrana, işini istədiyi kimi qura bilər.
Amma burda övladlarımızın təhsilindən, mənəviyyatının formalaşmasından, gələcəyə atdıqları addımdan, ilkin özüldən gedir. Ona görə də bu məsələlərə birmənalı şəkildə nəzarət olmalıdır. Məsuliyyət dərk olunmayanda bu, anarxiyaya gətirib çıxarır. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi bunu öz işinin bir qolu kimi prioritetə çevirməlidir”.
Deputat onu da qeyd edib ki, bu məsələlər parlamentin yaz ssessiyasında gündəmə gətiriləcək:
“Biz dünən Elm və Təhsil Komitəsinin iclasını keçirdik. Orada çox məsələlərə toxunduq. Məktəbəqədər təhsillə bağlı bir çox məsələlər də müzakirə edildi. Eləcə də müəllimlərin sertifikasiya məsələsi ilə bağlı bir çox məqamlara toxunuldu. Qərara alındı ki, bu məsələlərin bir qismi Milli Məclisin yaz sessiyasında öz əksini tapsın”.
Rəna Cumaqızı, Bizim.Media