“Mən təklif etmişəm ki, “Azərbaycanfilm” adlı bir televiziya kanalı açılsın”.
Bunu Bizim.Media-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib.
Sədr milli kinonun gənc nəsil arasında təbliği və tanınması baxımından bunun vacib olduğunu bildirib:
“Bizim 260-a yaxın filmimiz var. Belə bir televiziya kanalı açılsın ki, gənc nəsil görsün, xəbərdar olsun. Gənc nəsil filmlərimizi görməyib, bilmir. Rusiyada, digər ölkələrdə var, niyə bizdə olmasın?! Bizim yüzlərlə “Mozalan” nömrələrimiz, yüzlərlə sənədli filmlərimiz var, bunları camaata göstərsinlər. Bu yaxınlarda bu təklifin nəticəsini öyrənəcəyəm”.
Xatırladaq ki, 2023-cü ildə keçirilən "Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” Kino Forumu zamanı da İttifaqın Mədəniyyət Nazirliyinə ünvanladığı təkliflər arasında “Bizim Kino” adlı televiziya kanalının təsisi də yer alıb. Bildirilib ki, azbüdcəli kabel telekanalı olaraq milli kinonun təbliği, layihənin əsas məqsədi olmalıdır.
Günay Şahmar, Bizim.Media