Yaxın zamanlarda tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Azərbaycan ədəbiyyatı nümunələrinin də dövlət dilində keçirilməsi nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən apa-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, şagirdlərin Azərbaycan ədəbi nümunələrini original mənbədən olduğu kimi oxuyub anlaması mənimsəməni də gücləndirir. Çünki əksər hallarda fərqli mədəniyyətlərə sahib olan xalqların tarixi keçmişi və ənənələri əsasında yaradılmış əsərlər olduğu kimi oxunduğu zaman həqiqi mənasını ifadə edir və oxucunu düzgün məntiqi nəticəyə yönləndirir.
“Ümumi təhsil müəssisələrində tədris olunan humanitar fənlər, xüsusilə, Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, o cümlədən, çağırışaqədərki hazırlıq şagirdlərdə milli kimliyin formalaşması və vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rola malikdir. Bu səbəbdən sözügedən fənlərin öz ana dilimizdə tədris olunması vacib addımdır. Çünki bizim övladlarımız öz mədəniyyəti və tarixi haqqında öz dilində düşünərək ən düzgün təəssüratı əldə edə bilər.
Son illərdə Azərbaycan dilinin tədrisinə və onun öyrənilməsinin keyfiyyət və kəmiyyətcə yaxşılaşdırılmasına xüsusi önəm verilir. Belə ki, tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili (dövlət dili) fənninə ayrılan saatların miqdarı artırılıb (həftədə 2 saatdan 3 saata). Həmin siniflərdə Zəfər tarixi və Ortaq türk tarixi kursları, çağırışaqədərki hazırlıq fənni artıq dördüncü ildir ki, Azərbaycan dilində tədris olunur.
Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən biri kimi istifadəsi və tətbiqi imkanlarının genişləndirilməsi, digər dillərdə təhsil alanların dövlət dili kimi Azərbaycan dilinə, Azərbaycanın tarixinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması bu istiqamətdə aparılan məqsədyönlü işlərin tərkib hissəsidir”, - deyə açıqlamada bildirilib.
Vurğulanıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikası qanununa əsasən tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır:
“Qanunda qeyd edilmiş bu maddənin yeni redaksiyada yəni sözügedən fənlərin məhz Azərbaycan dilində tədris edilməsinin növbəti dövrdə nəzərə alınması məqsədəuyğun hesab olunur.
Ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə digər dillər üzrə şagird qəbulu aparılır Eyni zamanda bəzi məktəblərdə beynəlxalq akkreditə olunmuş proqramların da tədrisinə şərait yaradılıb. Bu təhsil sistemində digər xalqların nümayəndələrinin təhsilinə şərait yaradılması baxımından nümunəvi tolerant addımdır.
2022-2023-cü ildə pilot olaraq 20 ümumi təhsil müəssisəsində icrasına başlanılmış ümumi təhsil müəssisəsinin tədris digər dillərdə aparılan bölmələrinin V siniflərində Azərbaycan tarixi fənninin dövlət dilində tədrisi layihəsi uğurla nəticələndiyi üçün layihənin əhatə dairəsi genişləndirilmiş və 6-cı sinifdə də tətbiq edilməsi barədə qərar verilib. Rus bölmələrində təhsil alan şagirdlərin əksəriyyəti azərbaycanlı ailələrdən olduğu üçün prosesin bu formatda davam etdirilməsi məqsədəuyğun addım kimi qiymətləndirilir”.
Bizim.Media