Məhkəmə hansı halda cütlüklərə vaxt tanımadan boşanma QƏRARI VERİR?

Məhkəmə hansı halda cütlüklərə vaxt tanımadan boşanma QƏRARI VERİR?

Hazırda oxunan: Məhkəmə hansı halda cütlüklərə vaxt tanımadan boşanma QƏRARI VERİR?

231344

Son 10 ilin statistikası ölkədə boşanmaların artdığını göstərir. Boşanmalar artdıqca boşanma ərəfəsində mübahisəli məsələlər, məhkəmə çəkişmələri də artır.

Boşanmaq istəyi ilə müraciət edən cütlüyün nikahı Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində tərəflər ərizə verdikdən 30 gün sonra pozulur.

Məhkəmə qaydasında boşanma prosesi 2 aydan 5 aya qədər çəkə bilər.

Bəzi hallarda isə ailəyə barışmaq üçün üç ay vaxt verilir. Bu vaxt ailənin dağılmaması, aralarında yaranan mübahisə, narazılığın müsbət sonluqla bitəcəyi ehtimalı və məhkəməyə qədər problemlərin həlli üçün tanınan vaxtdır. Lakin bəzi cütlüklər müraciət etdikləri qısa müddətdə nikahlarının pozulmasını istəyirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Gənc ailələr buna görə dağılırmış...


Bəs bu hansı halda mümkündür və ailəyə barışıq üçün zaman tanınmır?

Məsələyə aydınlıq gətirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya deyib ki, bəzi hallarda nikahın ləğvi tezləşə bilər:

“Müraciətlərin çoxunda prosesin nə qədər çəkəcəyini sual edirlər. Müəyyən prosesual qaydalar var ki, onlara mütləq şəkildə həm müraciət edən, həm Mediasiya Şurası, həm də məhkəmə tərəfindən riayət olunmalıdır. Müəyyən hallar var ki, bu hallarda nikahın ləğvinə dair proses tezləşə bilər. Əksinə olan hallar da var ki, prosesin tez zamanda bitməsi mümkün deyil. Prosesin adətən uzanması mübahisənin forması ilə bağlı olur. Yəni bildiyimiz kimi, nikahın ləğvinə dair proseslərdə tək nikahın ləğvi deyil, digər məsələlər də məhkəmə tərəfindən həll olunur. Məsələn, nikahdan uşaqlar varsa, onların kimin yanında qalması, aliment, birgə əmlak varsa, onların bölünməsi, həmçinin, son dəyişiklərdən sonra uşaqla görüş və digər məsələlər də nikahın ləğvinə dair prosesin tərkibində həll olunur.

Bu hissələrdə mübahisələr varsa, məhkəmə dövrü uzanmış olur. Əmlakla bağlı mübahisələrdə sorğuların verilməsi, uşaqlarla bağlı məsələlərdə müvafiq rəylərin alınması və s. məsələlər var ki məhkəmə bunu mütləq şəkildə araşdırmalı, məlumat toplamalıdır ki, verəcəyi qərar ədalətli, obyektiv olsun”.

O bildirib ki, prosesin uzanmasına gətirib çıxaran digər amil də tərəflərdən birinin boşanmaq istəməməsidir:

“Belə olduqda məhkəmə barış üçün üç aylıq müddət verir. Əgər məhkəməyə müraciət edən tərəf yox, qarşı tərəf məhkəmə prosesinə gəlməsə və ya gəlib boşanmaq istəmədiyini desə, məhkəmə barışıq üçün müddət tanıyır. Bu, qanunvericiliyin tələbidir. Üç aydan sonra tərəf fikrini dəyişməsə, yəni boşanmaq istəmədiyini desə belə iddiaçı fikrində qalıbsa, boşanma niyyətini bir daha bildirirsə, məhkəmə nikahın ləğvinə dair prosesi bitirir. Amma qeyd etdiyim məsələlərdə mübahisə varsa, razılıqlar yoxdursa, bu, məhkəmənin xeyli uzanmasına gətirib çıxarır”.

Hüquqşünas qeyd edib ki, əgər tərəflər arasında mübahisə yoxdursa, proses xeyli tez yekunlaşır:

“Tərəflər bütün elementlərdə razılığa gələ bilirlərsə, mediasiya mərhələsində tərəflər arasında saziş imzalana bilər. O sazişdə bütün məsələlərdə razılığın olması qeyd olunur və hər iki tərəfdən imzalanır. Belə olduqda məhkəmə nikahın ləğvinə dair hissənin təsdiq eləməklə kifayətlənir ki, bu da müddəti kifayət qədər qısaldır.

Mediasiyanın yaranmasının məqsədi məhkəməyə qədər mübahisənin qarşılıqlı razılıqlar əsasında həllini həyata keçirmək, prosesi tezləşdirmək, həmçinin, məhkəmələrin yükünü azaltmaqdır. Tərəflər əgər prosesi çox tez bitirmək istəyirlərsə, bunun üçün maraqları varsa, bir-birlərinə qarşı barışığa doğru addımlar atmaqla mediasiya mərhələsində saziş imzalamaqla həll edə bilərlər”.

Günay Şahmar, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO