Ötən il olduğu kimi, bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Günü pandemiya, karantin, izolyasiya şəraitində keçirilir.
Uşaqlara xöşbəxt həyat bəxş etmək valideyn olaraq borcumuz olsa da, heç də bunu onlar üçün təmin edə bilmirik. Telefon, texniki vasitələrdən asılılığın ziyanları haqqında çox danışılır, uşaqları onlardan mümkün qədər kənar tutumağın vacib olduğunu qeyd edilir, amma reallıqda əksər ailələrdə uşaqlar günlərinin böyük bir hissəsini telefon, planşet arxasında keçirirlər.
MÖVZU İLƏ BAĞLI:
Uşaqların sakitliyi hansı təhlükədən xəbər verir? – Psixoloq açıqladı
Müəyyən dövrlərdə təhsili də texniki vasitələrin arxasına keçirən pandemiya bir qədər də uşaqların virtuallaşmasına, real həyatdan təcrid olunmasına şərait yaradıb.
Digər tərəfdən Azərbaycanda ailə institutu dağılma təhlükəsi ilə üzləşib, boşanmaların sayı günbəgün artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayında 3704 boşanma qeydə alınıb ki, bu da bir gün ərzində təxminən 45 ailənin dağılması deməkdir.
Azərbaycanda pandemiya dövrünün uşaqlarının başlıca qayğı və problemləri, psixoloji durumları hətta SOS siqnalı çalmağa əsas verir.
Psixoloq Tariel Faziloğlu Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda Azərbaycanda uşaqların psixoloji problemləri sadalandıqda, ilk yerdə virtual asılılıq və intelektual inkişafın zəif olması dayanır:
“Pandemiyadan başlanandan uşaqların heç bir sosial həyatı yoxdur deyə, onlar daha çox virutuallaşırlar. Bu da onlarda ciddi psixoloji pozuntulara – özgüvən əskikiliyinə, asılılıq problemlərinə, uşaq şizofreniyala və uşaq psixozlarının artımına gətirib çıxarır. Uşaqların əksəriyyətində görünən bu problemlər dolayısı ilə nitq, eləcə də əqli inkişafın ləngiməsinə şərait yaradır. Bu gün birinci sinifə başlayan uşaqların 70-75 faizində psixoloji ləngimə açıq şəkildə görünür”.
Tariel Faziloğlu bildirib ki, gənc insanların intihar faktlarının artmasında da pandemiya və onun sürətləndirdiyi virtuallaşma xüsusi rol oynayıb: “Virtual aləmlə real həyatın arasındakı ən böyük təzad virtual aləmdə qadağaların olmaması və ya çox zəif olmasıdır. Uşaqlar virtual həyatda sərbəstliyi gördükləri üçün real həyatda ilk qadağalarla rastlaşdıqda affekt vəziyyətinə düşür və intihara meyl edirlər”.
Psixoloq qeyd edir ki, bu kimi halların qarşısının alınması üçün valideynlərin onları sosial aktivliyə cəlb etməsi, meyilləndirməsi vacibdir ki, onların real həyata fokslanması inkişaf etsin.
Xarici film və animasiya filmlərinin uşaqlara təsiri ilə bağlı danışan Tariel Faziloğlu bildirib ki, Azərbaycanda yayımlanan animasiya filmlərinin əksəriyyəti aqressiya və şiddəti təbliğ edir:
“Uşaq vaxtından bu cür animasiya flmlərinə baxan uşaqlarda aqressiya, şiddət önə çıxır. Əsasən 6-9 yaşında bu cür uşaqlarda aqressiyadan qaynaqlanan uşaq psixozları, davranış pozuntuları və intihara meyillənməyə şərait yaradır”.
Boşanmaların uşaqlar üçün əsil travma olduğunu deyən psixoloq bildirir ki, Azərbaycanda boşanma sonrası yaşanan düşmənçilik, tərəflər arasında normal ünsiyyətin qurulmaması uşaqlara ikiqat zərbə olur:
“Həm ata və ya analarından ayrı yaşamalı olurlar, həm də aqressiv münasibətlər fonunda yaşayaraq niftərə daha çox yüklənirlər. Boşanmış ailələrdə böyüyən uşaqlar həmyaşıdları tərəfinən ayrı-seçkiləyə məruz qalması da onlara üçqat travmanın vurulması ilə nəticələnir. Gələcəkdə bu travmalardan qaynaqlanaraq belə uşaqların həyatlarında boşluqlar və neqativ nüanslar çox olur”.
Xatirə Nəsirli, Bizim.Media