Azərbaycanın demək olar ki, hər yerində əhalinin gəlirlərinin böyük bir qismi gündəlik təlabat məhsullarına xərclənsə də, statistik məlumatlar ərzağa, içkiyə, tütün məhsullarına, kommunal xərclərə, iaşə obyektlərinə xərclənən vəsaitlər üzrə bölgələr arasında fərqin olduğunu göstərir.
Bizim.Media Dövlət Statisika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, Azərbaycanda ən çox “yeyən” - ərzağa daha çox pul xərcləyən bölgə Lənkəran iqtisadi rayonudur.
Bu rayonda 2020-ci ildə ailələrin istehlak məqsədi ilə xərclədiyi hər 100 manatdan 47-si ərzaq məhsullarına sərf olunub. Rəqəmlərdən həm də o üzə çıxır ki, Lənkəranlılar alkoqollu içkilərə pul xərcləmirlər. Belə ki, bu kateqoriya üzrə rayonun adı siyahının sonuncu bəndində yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Arağın orqanizmə zərərsiz dozası bu qədərdir
“Yaxşı içən” bölgələrimiz arasında siyahıya isə Gəncə-Qazax iqtisadi zonası liderlik edir. Bu bölgədə spirtli içki satışı maksimum həddədir.
Dağlıq Şirvan iqtisadi rayonunun sakinləri sağlıq durumlarının “qəniminə” çevriliblər, desək, yanılmarıq. Belə ki, bu bölgədə yaşayanlar istehlak xərclərinin 2,3 fazini tütün məmulatlarına sərf edirlər. Naxçıvanlılar isə əksinə daha sağlam həyat tərzinin tərəfdarlarıdır. Belə ki, Muxtar Respublikada tütün istehlakı cəmi 0.6 faiz təşkil edir.
Naxçıvanlılar həm də kommunal sahədə qanətcildirlər. Onların su, işıq, qaz və digər yanacaq növləri üçün sərf etdikləri vəsait ev təsərrüfatı xərclərinin cəmi 5.4 faizini təşkil edir.
Su, elektrik enerjisi tariflərinə, qaz və digər yanacaq növlərinə daha çox pul xərcləyən bölgə Şəki-Zaqatala iqtisadi rayonudur. Bəlkə də iqlim şəraiti kommunal xərclərin Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki sakinlərinin istehlak xərclərinin 11 faizini təşkil etməsinə şərait yaradır.
Quba-Xaçmaz sakinləri isə heç də öz istirahətlərindən imtina etmirlər. Onlar hər 100 manatlıq istehlak xərcinin 12 manatını məhz mehmanxana, kafe və restoranlara yönəldirlər.
Dağlıq Şirvanı “pəhrizdə” olan iqtisadi rayon kimi xarakterizə etmək olar. Yəqin ki, gəlirlərin aşağı olması Ağsu, İsmayıllı, Qobustan və Şirvan sakinlərini ərzağa az pul xərcləməyə vadar edir. Ötən il onların ərzaqla bağlı xərcləri ümumi istehlak xərclərinin cəmi 41 faizinə bərabər olub.
2020-ci ilin nəticələrinə əsasən, ümumilikdə Azərbaycanda iqtisadi rayonlardan asılı olaraq, aylıq adambaşına düşən istehlak xərcləri 279-324 manat arasında dəyişib. İnsanların daha çox ərzağa pul xərclədikləri məlum olub. İstehlak məqsədi ilə xərclənən hər iki manatdan təxminən biri məhz ərzağa sərf edilib.
Müqayisə üçün qeyd etmək olar ki, Avropa Birliyi ölkələrində insanların ərzağa ayırdığı pul ümumi xərclərində cəmi payı 9-26 faiz təşkil edir. İnkişaf etmiş ölkələrin çoxunda bu göstərici 10 faiz civarındadır.
Xatirə Nəsirli, Bizim.Media